AZƏRBAYCAN PARLAMENTİNİN SƏDRİ BELARUSUN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Parlamentin sədri bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına bu yaxınlarda ilk rəsmi səfəri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafına təkan vermişdir. Səfər zamanı imzalanan sənədlər münasibətlərin dərinləşməsi üçün geniş imkanlar açmışdır. Azərbaycan qanunvericilik orqanının fəaliyyəti, ölkəmizdə qanun yaradıcılığı sahəsində görülən işlər barədə məlumat verən O.Əsədov parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır. O demişdir ki, Azərbaycanın başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün dövlətimizin rəhbərliyi böyük səylər göstərir. Parlamentin sədri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi naminə fəaliyyətində yeni təyin olunmuş səfirə uğurlar arzulamışdır.
Səfir Nikolay Pastkeviç bildirmişdir ki, Azərbaycanın artıq bir çox dövlət qurumlarında görüşlər keçirmişdir. Azərbaycan-Belarus əməkdaşlığının kökləri çox qədimdir. Hələ sovetlər dövründə Azərbaycanın pambıq və taxıl sahələrində Belarusda istehsal olunan texnika işləyirdi. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra bu əlaqələr bir qədər zəifləmişdi. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Belarusa ilk rəsmi səfəri bu əlaqələrin yeni səviyyəyə qalxması üçün şərait yaratmışdır.
Belarus Böyük Vətən müharibəsinin acılarını görmüş, Çernobıl qəzasının ağrıları ilə üzləşmişdir. Azərbaycan xalqı da ərazi bütövlüyü problemi ilə qarşılaşmışdır. N.Pastkeviç ölkələrimizdə davamlı sülhün, əmin-amanlığın bərqərar olunmasının vacibliyini vurğulamışdır. Səfir ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən parlamentlərarası münasibətlərin, sahibkarlığın inkişafı, informasiya mübadiləsi, istehsalın genişləndirilməsi istiqamətlərində əlaqələrin qurulması üçün səy göstərəcəyini vurğulamışdır.