AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN YƏHUDİ İCMASININ RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Cənab Şnayder Azərbaycana böyük maraq göstərdiyini, şəxsən ölkəmizin Prezidentinə hörmət bəslədiyini bildirdi. O qeyd etdi ki, Birləşmiş Ştatlarla Azərbaycan Respublikası arasında möhkəm əlaqələr yaradılması vacibdir. Cənab Şnayder Azərbaycanda yaşayan yəhudilərin yaxşı şəraitə, ölkənin digər vətəndaşları ilə eyni hüquqlara malik olmasından məmnun qaldığını söylədi. O dedi ki, Azərbaycana səfəri zamanı yerli yəhudi icmasının nümayəndələri ilə görüşmüşdür və onların Prezident Heydər Əliyevə hörmət bəslədiklərindən xəbərdardır.
Daha sonra cənab Şnayder Prezident Heydər Əliyevi Beynəlxalq Vicdan Təşkilatının keçirəcəyi tədbirə dəvət etdi və xüsusi olaraq vurğuladı ki, Azərbaycan rəhbəri bir sıra dövlət başçılarının, görkəmli xadimlərin təmsil olunacağı həmin məclisə gəlmək üçün vaxt taparsa, bu, tədbirin təşkilatçıları üçün böyük şərəf olardı.
Heydər Əliyev dəvət üçün təşəkkürünü bildirdi və dedi ki, Nyu-Yorka səfər proqramı son dərəcə gərgindir, lakin çalışacaq imkan tapıb həmin tədbirdə iştirak etsin. O qeyd etdi ki, görüşdə iştirakı mümkün olmasa belə yəhudi xalqına böyük hörmət və ehtiram bəsləyir. Prezident bildirdi ki, Azərbaycan dünyəvi, hüquqi dövlət qurur, bu dövlətdə ölkənin bütün vətəndaşları eyni hüquqlara malikdirlər. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda keçiriləcək parlament seçkilərində, habelə ölkənin ilk demokratik konstitusiyasının qəbuluna dair ümumxalq səsverməsində də respublikanın bütün vətəndaşları iştirak edəcəklər.
Prezident Heydər Əliyev onun barəsində deyilən xoş sözlərə görə cənab Şnayderə minnətdarlıq etdi və ümidvar olduğunu bildirdi ki, Azərbaycanın haqq işinin müdafiəsində, ABŞ konqresinin ədalətsiz qərarının ləğvində yəhudi icması öz köməyini əsirgəməyəcəkdir. İcmanın rəhbəri bildirdi ki, onlar bu sahədə əllərindən gələni edəcəklər.
Görüşün axırında Azərbaycan Prezidenti Heydər Əliyev cənab Şnayderi ölkəmizə yeni səfərə dəvət etdi.