AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ARDNŞ İLƏ “STATOYL” ARASINDA SAZİŞİN İMZALANMASI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Dövlətimizin başçısı Heydər Əliyevi və onu müşayiət edən şəxsləri səmimiyyətlə salamlayan Norveçin “Statoyl” şirkətinin vitse-prezidenti dedi: Hörmətli Prezident, siz Stavangerə səfərinizlə iki neft şəhərini bir-biri ilə bağladınız.
“Statoyl” ilə ARDNŞ arasında 1994-cü ildə imzalanmış əməkdaşlıq haqqında sazişdən bəhs edən natiq dedi ki, o vaxtdan biz bu əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişik. Bu gün, imzalayacağımız saziş isə bu istiqamətdə daha böyük bir addımdır və Azərbaycanın neft ehtiyatlarının birgə işlənməsində “Statoyl”un iştirakını bir daha reallaşdırır. Bu işlərin aparılmasında Böyük Britaniyanın “Britiş Petroleum” şirkəti ilə birgə iştirak etmələrindən məmnun qaldığını bildirən natiq dedi ki, yeni sazişdə Azərbaycanda neft laylarının fiziki xüsusiyyətlərinin öyrənilməsi ilə məşğul olacaq laboratoriyanın quraşdırılması barədə müddəalar da vardır. “Statoyl” və “Britiş Petroleum” şirkətləri belə bir laboratoriyanı Azərbaycan Dövlət Neft Şirkətinə hədiyyə edirlər. Ümidvarıq ki, biz gələcək fəaliyyətimizdə bu laboratoriyanın xidmətindən istifadə edəcəyik.
Mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və “Statoyl” şirkətinin prezidenti Harl Norvinq “Xəzər dənizinin Azərbaycan sektorunun kəşfiyyatı və işlənməsi üzrə tərəflər arasında texnologiya və təcrübə mübadiləsinə dair əməkdaşlıq haqqında saziş”i imzaladılar.