AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BOLQARISTAN PREZİDENTİ JELYU JELEV İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Heydər Əliyev Bolqarıstana səfərindən məmnun qaldığını və Azərbaycanda da Jelyu Jelevin səfərinin səbirsizliklə gözlənildiyini bildirdi.
Jelyu Jelev Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsiyyətinə böyük hörmət bəslədiyini və onunla indiyədək keçirdiyi görüşlərin hər birini məmnuniyyətlə xatırladığını söylədi. Cənab Jelev əlavə etdi ki, Bolqarıstanda Azərbaycan dövlətinin başçısı ilə keçirilən görüşlər unudulmamışdır və bolqarlar Heydər Əliyevi dövrümüzün böyük siyasi xadimi kimi tanıyırlar.
Xoş sözlərə görə Bolqarıstan rəhbərinə minnətdarlığını bildirən Heydər Əliyev xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin daha da inkişafı naminə mövcud imkanlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğuladı. O, respublikalarımız arasındakı keçmiş əlaqələrin bərpa edilməsi istiqamətində atılan addımları xüsusi qiymətləndirdi və Bolqarıstana səfəri zamanı iki dövlət arasında imzalanmış mühüm sənədlərin bu sahədə əsaslı rol oynayacağını bildirdi. Heydər Əliyev qeyd etdi ki, bütün bunlarla yanaşı, həm iqtisadi-ticarət, həm də mədəniyyət, elm sahələrində əlaqələrin yeni formaları axtarılıb tapılmalı, ayrı-ayrı müəssisələrin, şirkətlərin, iş adamlarının qarşılıqlı əməkdaşlığının möhkəmləndirilməsinə təkan verilməlidir.
Görüşdə ikitərəfli münasibətlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi, ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının gedişi barədə də fikir mübadiləsi aparıldı.