AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV FİNLANDİYA PREZİDENTİ MARTİ AHTİSAARİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və dostluq şəraitində keçən söhbət zamanı prezidentlər əvvəlki görüşlərini məmnuniyyətlə xatırladılar. Yenidən görüşmək imkanı yaranmasından razı qaldıqlarını bildirdilər.
Prezident Heydər Əliyev Finlandiyanın çox nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyinə, ATƏT-in Minsk qrupunda bu dövlətin fəal roluna görə cənab Antisaariyə minnətdarlıq etdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolları ilə bağlı məsələlərin müzakirəsinə böyük diqqət yetirildi. Prezidentlər münaqişənin həlli istiqamətində ATƏT-in və onun Minsk qrupunun gördüyü işləri hərtərəfli təhlil etdilər, Böyük Sülh Sazişi əldə olunması sahəsində atılacaq addımlar barədə fikir mübadiləsi apardılar, münaqişə zonasında sabitlik yaranmasında atəşkəsin davam etdirilməsinin rolunu müsbət qiymətləndirdilər.
Respublikamızın rəhbəri bir daha ümidvar olduğunu bildirdi ki, Finlandiya bundan sonra da ölkəmizin haqq işinin müdafiəsinə çalışacaq, Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, münaqişənin Minsk qrupu vasitəsilə dinc yolla aradan qaldırılması üçün səylərini əsirgəməyəcəkdir.
Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi məsələlərini də müzakirə etdilər. Onlar bildirdilər ki, Azərbaycan ilə Finlandiya arasında iqtisadi-ticarət, mədəni əlaqələrin genişləndirilməsi üçün böyük potensial imkanlar vardır və bu imkanlardan maksimum səmərə ilə istifadə olunmalıdır.
Hər iki Prezident belə bir yekdil fikir söylədi ki, onların şəxsi dostluq əlaqələri Azərbaycanla Finlandiya arasında əməkdaşlığın və dövlətlərarası münasibətlərin daha da inkişafı üçün geniş imkanlar açır.
Görüşün sonunda Marti Ahtisaari Azərbaycan Prezidentini Finlandiyaya rəsmi səfərə dəvət etdi. Heydər Əliyev də Finlandiya dövləti başçısının ölkəmizə rəsmi səfərinin Azərbaycanda səbirsizliklə gözlənildiyini bildirdi.