AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İORDANİYANIN MƏLİKİ HÜSEYN İBN TƏLƏL İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə məlik Azərbaycan Prezidenti Heydər Əliyevi özünün köhnə dostu hesab etdiyini bildirərək, onunla yenidən görüşməsindən məmnun qaldığını söylədi. O dedi ki, Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi tədbirlərin, ölkənin müstəqilliyini qorumaq istiqamətində atılan mühüm addımların əks-sədası İordaniyaya da gəlib çatmışdır.
Səmimi sözlərə görə məlik Hüseyn ibn Tələlə minnətdarlığını bildirən Prezident Heydər Əliyev İordaniya ilə Azərbaycan arasında daim sıx əlaqələr olduğunu söylədi. Respublikamızın rəhbəri məlik Hüseynlə köhnə dost olduğunu təsdiqləyərək, onunla əvvəllər keçirdiyi görüşləri məmnunluqla xatırladığını bildirdi və Azərbaycanın mövqeyini dəstəklədiyinə görə İordaniya dövlətinin başçısına təşəkkür etdi.
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində görülən işlərdən ətraflı söhbət açdı. Dövlətimizin başçısı ATƏT-in Budapeşt zirvə görüşü zamanı qəbul olunmuş qərarın böyük əhəmiyyətini vurğuladı.
Məlik Hüseyn ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin qarşıdakı Budapeşt görüşünədək bu münaqişənin tamamilə aradan qaldırılmasını arzuladı. O, ölkələrimizin xalqları arasındakı tarixi əlaqələrdən də söhbət açaraq İordaniya ilə Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin olduğunu qeyd etdi.
Prezident Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafından, zəngin təbii sərvətlərindən, neft yataqlarının birgə işlənməsi ilə əlaqədar yaradılan konsorsiumun fəaliyyətindən geniş bəhs etdi. Dövlətimizin başçısı İordaniya ilə əlaqələrin inkişaf etdirilməsinin böyük əhəmiyyəti olduğunu bildirdi və məlik Hüseyni Azərbaycana rəsmi səfərə dəvət etdi.
İordaniyada Azərbaycan dövlətinin başçısına böyük hörmət olduğunu bildirən Hüseyn ibn Tələl Heydər Əliyevi onun üçün əlverişli bir vaxtda öz ölkəsinə rəsmi səfərə dəvət etdi.
Görüşdə Azərbaycan-İordaniya əməkdaşlığının perspektivləri, beynəlxalq təşkilatlarda hər iki dövlətin eyni mövqedən çıxış etməsi, müvafiq məsələlərin müzakirəsi zamanı qarşılıqlı yardım göstərilməsi və ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələləri barədə fiki mübadiləsi aparıldı.