AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV KİYEVƏ GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Ukraynanın paytaxtında keçirilən qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kiyevə gəlmişdir.
Respublikamızın, Ukraynanın, habelə MDB-nin üzvü olan digər ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Borispol beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı Ukrayna milli adətincə duz-çörəklə qarşılandı. Milli geyimli azərbaycanlı qızlar Prezidentə gül dəstəsi təqdim etdilər.
Azərbaycan Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında Ukrayna Prezidenti Aparatının rəhbəri Viktor Medvedçuk, Xarici İşlər Nazirliyinin Dövlət Katibi Yuri Sergeyev, Kiyev şəhərinin meri Aleksandr Omelçenko, Azərbaycanın Ukrayna, Moldova, və Belorusdakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı rəsmi şəxslərlə, habelə ölkəmizin səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri ilə görüşdü.
Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dövlətimizin başçısı hava limanından onun üçün ayrılmış iqamətgaha gəldi.
X X X
Həmin gün Prezident Heydər Əliyev onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Rudolf Perina (ABŞ), Nikolay Qribkov (Rusiya) və Anri Jakolən (Fransa) ilə görüşdü. Fransadan olan keçmiş həmsədr Üq Pernenin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə dair fikir mübadiləsi aparıldı.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev sonra Ukrayna Prezidenti Leonid Kuçma və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşlər keçirdi. Hər iki görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi etdilər.
X X X
Yanvarın 28-də axşam Azərbaycan Prezidenti Heydər Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin və Ermənistan Prezidenti Robert Koçaryanın birgə görüşü oldu.
X x x
Həmin gün axşam Ukrayna Prezidenti Leonid Kuçmanın adından dövlət başçılarının şərəfinə şam yeməyi verildi.
X x x
Yanvarın 29-da Kiyevin Mariya sarayında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü başlanacaqdır.
Əsgər İbrahimov
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev