Xəbər verildiyi kimi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon zirvə görüşünün dekabrın 3-də yekun iclası keçirilmişdir. Görüş iştirakçıları zirvə toplantısının bəyannaməsini, XXI əsrin Avropası üçün ümumi və hərtərəfli təhlükəsizlik modelinə dair Lissabon bəyannaməsini və digər sənədlər qəbul etmişlər.
Ermənistan tərəfi zirvə toplantısının bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə söhbət gedən maddəyə veto qoyduğuna görə, ATƏT-in sədri Flavio Kotti həmin maddənin təşkilatın üzvü olan 52 dövlətin adından verilən bəyanata daxil olunmasını təklif etmişdir. Zirvə görüşünün sənədlərinə əlavə edilmiş bu bəyanatda Azərbaycanın ərazi bütövlüyünün tanınması öz ifadəsini tapmışdır.
X X X
ATƏT-in zirvə görüşü başa çatdıqdan onra Azərbaycan Prezidenti Heydər Əliyev mətbuat konfransı keçirmiş, habelə xarici ölkələrin bir çox kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermiş, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə ölkəmizin mövqeyini şərh etmişdir.
Zirvə görüşünün iştirakçıları növbəti toplantının Türkiyənin İstanbul şəhərində keçirilməsini qərara almışlar.