AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MAYAKOVSKİ ADINA MOSKVA AKADEMİK TEATRININ TAMAŞASINDA OLMUŞDUR
Oktyabrın 20-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Vladimir Mayakovski adına Moskva Akademik Teatrı aktyorlarının ifasında Somerset Moemin “Dairə” tamaşası göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tamaşada olmuşdur. Salona toplaşanlar dövlətimizin başçısını böyük səmimiyyətlə, hərarətlə qarşıladılar.
Əsasən, ailə-məişət mövzusuna həsr olunmuş iki hissəli komediyada hadisələr qapalı dairə çərçivəsində cərəyan edir. Azərbaycan tamaşaçısının daha çox kinofilmlərdən tanıdığı məşhur aktyorlar - Rusiyanın xalq artistləri Svetlana Nemolyayeva, Yevgeniya Simonova, Emmanuil Vitorqan yeknəsək həyat tərzinin cansıxıcılığını, ailə-məişət problemlərini, məhəbbətsiz həyatın mənasızlığını böyük məharətlə tamaşaçıya çatdırmaqla rus teatr məktəbinin yüksək ifaçılıq ənənələrini bir daha nümayiş etdirdilər. Bakı teatrsevərləri Moskva artistlərinin gözəl ifasını alqışlarla qarşıladılar.
Moskvalıların “LUKoyl” neft şirkətinin və “NİKoyl” maliyyə korporasiyasının dəstəyi ilə təqdim etdikləri “Dairə” tamaşasını rus teatr xadimlərinin Azərbaycan səhnəsində yaddaqalan uğuru kimi qiymətləndirmək olar.
Azərbaycan Prezidenti Heydər Əliyev tamaşadan sonra səhnəyə qalxaraq, yüksək ifaçılıq məharətinə görə Moskva aktyorlarına təşəkkürünü bildirdi, onlara yeni-yeni uğurlar arzuladı.
Foto Yaşar Xəlilovundur