AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MDB İCRAİYYƏ KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 16-da Prezident sarayında MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Yuri Yarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident Heydər Əliyev qonaqları salamlayaraq, onları yeni il münasibəti ilə təbrik etdi və ümidvar olduğunu bildirdi ki, əvvəlki illərdəki kimi, bu il də MDB İcraiyyə Komitəsinin və bütün Birliyin fəaliyyəti yüksək səviyyədə olacaqdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən Yuri Yaraov da Azərbaycan Prezidenti Heydər Əliyevi və bütün xalqımızı Yeni il münasibətilə təbrik etdi, əmin-amanlıq və tərəqqi arzuladı. O dedi: “Əminəm ki, Birlik ölkələri prezidentlərinin siyasi iradəsi və müdrikliyi sayəsində MDB-nin fəaliyyəti irəliləyəcəkdir”.
MDB ölkələri dövlət başçılarının Kişinyov zirvə görüşündə Azərbaycan Prezidentinin təşəbbüsü və bütün dövlət başçılarının tapşırığı ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Müstəqil Dövlətlər Birliyinin Fəxri Nişanı ilə təltif edilməsi haqqında təklif irəli sürülmüş və bu barədə qərar qəbul olunmuşdu. Yuri Yarov bu nişanın vəsiqəsini imzalamaq üçün dövlətimizin başçısına təqdim etdi. Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya dövləti başçısının təltifi barədə vəsiqəni imzaladı və bunu böyük məmnuniyyətlə etdiyini vurğuladı.
Sonra MDB-nin icraçı katibi dövlət başçılarının yanvarın axırlarında Ukraynanın İvano-Frankovsk şəhərində keçiriləcək qeyri-rəsmi görüşünün gündəliyi barədə məlumat verdi. Yuri Yarov dedi ki, bu görüşü keçirmək təşəbbüsünü Ukrayna Prezidenti Leonid Kuçma irəli sürmüşdür. Görüşdə MDB ölkələrinin iqtisadi inteqrasiyasını sürətləndirmək, azad ticarət zonaları yaratmaq məsələlərini müzakirə etmək nəzərdə tutulur. O həmçinin bildirdi ki, yanvarın 27-28-də Moskvada Dövlət Başçıları Şurasının qərarlarında əksini tapmış həmin məsələlərə dair elmi-praktik konfrans keçiriləcəkdir.
Qəbulda baş nazirin birinci müavini Abbas Abbasov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştraik edirdilər.
Foto Yaşar Xəlilovundur