AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MOLDOVA PREZİDENTİ MİRÇA SNEQUR İLƏ GÖRÜŞMÜŞDÜR
Mirça Snequr Azərbaycan Prezidentini hərarətlə salamladı, Heydər Əliyevlə hər görüşün onun üçün yaddaqalan bir hadisə olduğunu söylədi.
Moldova dövlətinin başçısı Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izlədiyini, Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin tezliklə yaxşı nəticələr verəcəyinə inam bəslədiyini bildirdi. O dedi ki, biz Sizin ölkə ilə keçmiş əlaqələrin tam bərpa edilməsinə, daha yüksək səviyyədə inkişaf etməsinə nail olmaq üçün əlimizdən gələni etməyə hazırıq.
Respublikamızın rəhbəri Moldova ilə Azərbaycanın tarixi dostluq münasibətlərinin bugünkü əlaqələrin inkişafı üçün yaxşı zəmin olduğunu vurğulayaraq qeyd etdi ki, uzun illər ölkəmizin iqtisadiyyatının bir çox sahələri bir-biri ilə bağlı olmuşdur və indi biz bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirməliyik.
Heydər Əliyevin fikrincə, hər iki ölkədə istər sənayedə, kənd təsərrüfatında, ticarətdə, istərsə də elm, təhsil, mədəniyyət sahələrində elə potensial imkanlar vardır ki, onların hərəkətə gətirilməsi müstəqil dövlətlərimizin inkişafı üçün qarşılıqlı fayda verə bilər. Dövlətimizin başçısı Azərbaycan-Moldova üzümçülərinin 70-80-ci illərdə sıx əlaqələrindən bəhs etdi və bu münasibətlərin bərpasına, canlandırılmasına hər iki tərəfin ciddi ehtiyacı olduğunu vurğuladı.
Qara dəniz hövzəsi ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan hər iki dövlətin dünya iqtisadiyyatı ilə daha möhkəm tellərlə bağlanması perspektivlərindən bəhs edən Heydər Əliyev Azərbaycanla Moldovanın bazar iqtisadiyyatına keçid dövründə bir-birinə kömək və yardımının, qarşılıqlı təcrübə mübadiləsinin vacib olduğunu qeyd etdi.
Moldova Prezidenti Azərbaycan Prezidentini öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Heydər Əliyev də Mirça Snequru Azərbaycanda görmək arzusunda olduğunu bildirdi.