AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NATO-NUN BAŞ KATİBİ VƏZİFƏSİNİN İCRAÇISI İLƏ GÖRÜŞMÜŞDÜR
Heydər Əliyevi səmimi salamlayan cənab Balanzino Azərbaycan dövləti başçısının NATO-nun Baş qərargahının yerləşdiyi Brüsselə səfərini yaxşı xatırladığını bildirdi. O, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını Azərbaycanın imzalaması mərasimində iştirak etdiyini söylədi. Cənab Balanzino NATO-nun Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi.
Azərbaycan rəhbəri cənab Balanzino ilə bir daha görüşməsindən məmnun qaldığını vurğuladı. Prezident Heydər Əliyev dedi ki, Azərbaycan NATO ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını da bu məqsədlə imzalamışdır.
Cənab Balanzino NATO Baş katibinin istefası ilə əlaqədar olaraq oktyabrın 20-dən etibarən onun vəzifəsinin icrasını öz üzərinə götürdüyünü bildirdi və bir daha qeyd etdi ki, o, istər cari vəzifəsində, istərsə də hər hansı başqa vəzifədə çalışarkən Azərbaycan ilə NATO arasında münasibətlərin hərtəfərli inkişafına öz töhfəsini verməyə səy göstərəcəkdir.
Prezident Heydər Əliyev müstəqillik qazanmış və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını imzalamış dövlətlərin arasında Azərbaycanın vəziyyətinin xüsusi ilə ağır olduğu barədə cənab Balanzinoya ətraflı məlumat verdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan təcavüzə məruz qalmış ölkədir. Onun torpaqlarının 20 faizi qonşu dövlətin - Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyon vətəndaşımız qaçqın düşmüşdür.
Heydər Əliyev eyni zamanda bildirdi ki, Azərbaycan Respublikası adi silahlar haqqında konvensiyanın və bütün beynəlxlaq hüquq normaları və sənədlərinin ölkəmizdə tətbiqi barədə üzərinə götürdüyü öhdəliklərə tamamilə riayət edir. Lakin bunu qonşu Ermənistan Respublikası barədə demək mümkün deyildir. Ermənistan hərbi təcavüzünün ağır nəticələri barədə cənab Balanzinoya ətraflı məlumat verən Azərbaycan Prezidenti bildirdi ki, biz bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq. Heydər Əliyev dedi ki, Azərbaycan sülhsevər ölkədir, biz heç bir dövlətin torpağını işğal etməmişik və heç kəsin torpağında gözümüz yoxdur. Eyni zamanda öz torpaqlarımızın işğal altında qalmasına da dözə bilmərik.
Görüşün sonunda Heydər Əliyev cənab Balanzinonun Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirdi. O dedi ki, belə bir səfər Azərbaycan ilə NATO arasında əlaqələrin sürətlə inkişafına təkan verərdi.