AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NORVEÇİN BAŞ NAZİRİ HARLEM BRUNDTLAND İLƏ GÖRÜŞMÜŞDÜR
Xanım Brundtlandı mehribanlıqla salamlayan və onunla görüşdən məmnun olduğunu bildirən Prezident Heydər Əliyev dedi ki, biz sizinlə indiyədək bir neçə dəfə görüşmüşük, bu da ölkələrimiz arasında əlaqələr qurulmasında mühüm rol oynayıb. Azərbaycanla Norveçin iqtisadi sahədə əməkdaşlığının inkişafından razılıqla söhbət açan dövlətimizin başçısı Norveçin “Statoyl” şirkətinin Azərbaycanda geniş fəaliyyət göstərdiyini qeyd etdi.
Xarici neft şirkətləri konsorsiumu ilə Azərbaycanın müqavilə bağlamasından bir ildən çox vaxt keçdiyini xatırladan Prezident Heydər Əliyev dedi ki, bu il oktyabrın 9-da konsorsium ilkin neft kəmərlərinin marşrutu barədə mühüm qərar qəbul edib, Xəzərin Azərbaycan sektorunda digər zəngin neft yataqlarının da mövcudluğunu vurğulayan respublikamızın rəhbəri “Statoyl”un bu yataqların işlənməsində iştirak etmək niyyətindən xəbərdar olduğunu söylədi.
Norveçin Azərbaycanla birgə işləməyə böyük maraq göstərdiyini xüsusi qeyd edən xanım Brundtlandın fikrincə, onun ölkəsindəki müasir texnologiyanı tətbiq etməklə respublikamızın neft sənayesini xeyli inkişaf etdirmək mümkündür.
Baş nazirin bu fikrini razılıqla qarşılayan dövlətimizin rəhbəri dedi ki, dənizdə neft çıxarılması sahəsində sizin ölkə həqiqətən yaxşı təcrübə əldə etmişdir. Norveçin Azərbaycanda səfərdə olmuş yanacaq naziri “Statoyl”un rəhbərləri ilə və digər şəxslərlə görüşlərində bu barədə ətraflı söhbət apardığını bildirən Prezident Heydər Əliyev dedi: Bizim nümayəndələrimiz də sizin ölkədə olublar və bu haqda mənə məlumat veriblər. Ona görə də biz Norveçlə sıx əlaqələr qurmağa həmişə hazırıq.
Xanım Brundtland Azərbaycan Prezidenti Heydər Əliyevdən Norveçə rəsmi səfərə gəlməyi bir daha xahiş etdi. Dövlətimizn başçısı da xanım Brundtlandı Azərbaycana rəsmi rəsmi səfər dəvət etdi.