AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının yollar naziri Gennadi Fadeyevin başçılığı ilə bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
Prezident Heydər Əliyev qonaqları salamlayaraq dedi ki, Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqələrinin böyük əhəmiyyəti var və bu əlaqələr qısa müddət ərzində inkişaf etmişdir. Bir sıra yeni marşrutlar, o cümlədən Rusiya ərazisindən keçərək bəzi MDB ölkələrinə gedən marşrutlar açılmışdır. Miqyasına görə dünyada tayı-bərabəri olmayan Rusiya dəmir yolu hazırda böyük potensiala malikdir. Dövlətimizin başçısı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə bu sahəyə kuratorluq edərkən Sovet İttifaqının dəmir yol nəqliyyatının potensialının genişləndirilməsi ilə bağlı təcrübəsindən danışdı.
Gennadi Fadeyev səmimi qəbula görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək öz karyerasının yaranmasında Heydər Əliyevin rolunu, habelə Sovet İttifaqının dəmir yol nəqliyyatının inkişafında onun böyük xidmətlərini vurğuladı.
O, Heydər Əliyevin bu sahəyə kuratorluq etdiyi dövrdə əsası qoyulmuş Şimali Amur tuneli kimi mühüm obyektin inşasının başa çatmasından söhbət açdı. Gennadi Fadeyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dəmir Yol Nəqliyyatı Şurasının Bakıda keçirilmiş 33-cü iclasının yekunları barədə dövlətimizin başçısına məlumat verərək, iclasın işinin yaxşı təşkilinə görə təşəkkürünü bildirdi.
Azərbaycanı Qafqazda təhlükəsizlik və sabitlik adası kimi səciyyələndirən və bütün bunların Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Rusiya naziri dedi ki, o, uzun müddət belə bir şəxsiyyətlə işlədiyinə görə fəxr edir. Gennadi Fadeyev bildirdi ki, SSRİ-nin süqutundan sonra dəmiryolçular əvvəlki əlaqələri saxlamağa və əməkdaşlığını möhkəmlətməyə müvəffəq olmuşlar. Azərbaycan dəmiryolçularının öz tərəfdaşlarına heç bir borcu yoxdur və bu, Bakı iclasında müsbət hal kimi vurğulandı.
Rusiya naziri ölkəsinin dəmir yol nəqliyyatında aparılan islahatlardan da danışdı. Prezident Heydər Əliyev dəmir yolunun əhəmiyyətindən danışaraq dedi ki, o, Moskvada işə başlayanda, xüsusən, taxıl, kömür, taxta-şalban daşınması sahəsində böhran müşahidə olunurdu. Dövlətimizin başçısı Baykal-Amur magistralının tikintisinin gedişini, bu obyektin ən çətin sahələrində olduğunu xatırladı.
Qonaq vurğuladı ki, o vaxt Heydər Əliyevin kadrların seçilməsinə, bu sahəyə rəhbərliyə müdrikcəsinə, ölçülüb-biçilmiş surətdə yanaşması ölkə dəmiryolçuları arasında ona böyük hörmət qazandırmışdı.
Prezident Vladimir Putinin tapşırığı ilə Rusiyanın yollar naziri dəmir yol nəqliyyatının inkişafında böyük xidmətlərinə görə Azərbaycan dövlətinin başçısına “Transsibir magistralının 100 illiyi” medalını, habelə nazirliyin kollegiyasının xatirə hədiyyəsini təqdim etdi.
Prezident Heydər Əliyev təşəkkürünü bildirərək dedi ki, bu medal onun üçün çox əzizdir, çünki Transsibir magistralı böyük tikinti idi.
Qəbulda nəqliyyat naziri Ziya Məmmədov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə,Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur