AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti Heydər Əliyev iyulun 16-da Prezident sarayında Rusiya hökuməti sədrinin müavini Viktor Xristenkonun başçılıq etdiyi Rusiya Federasiyasının hökumət nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı qonaqları salamlayaraq dedi ki, hər bir belə görüş ikitərəfli münasibətlərlə bağlı məsələlərin həllinə kömək edir. Prezident Heydər Əliyev Bakıya səfər etdiyinə görə Rusiya nümayəndə heyətinin başçısına təşəkkürünü bildirdi və vurğuladı ki, səfərin davam etdiyi qısa müddətdə çox iş görülmüşdür.
Viktor Xristenko dedi ki, birgə görüşlərin belə yüksək intensivliyi həyatın özünün tələbindən, Rusiya-Azərbaycan münasibətlərinin ahəngindən irəli gəlir. Rusiya hökuməti sədrinin müavini bildirdi ki, indiki səfər ikitərəfli münasibətlərin cari məsələləri ilə bağlıdır. Onun sözlərinə görə, ilin birinci yarısında ölkələrimiz arasında əmtəə dövriyyəsinin dinamikası müsbət olmuşdur. O, Rusiya Prezidenti Vladimir Putinin salamını və ən xoş arzularını dövlətimizin başçısına yetirdi.
Prezident Heydər Əliyev dedi ki, bir gün əvvəl onun Prezident Vladimir Putin ilə telefon söhbəti olmuşdur.
Qəbulda baş nazir Artur Rasizadə, baş nazirin birinci müavini Abbas Abbasov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur