AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏYƏ YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Prezidenti Heydər Əliyev yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə vermişdir. Dövlətimizin başçısı demişdir:
- Bildiyiniz kimi, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının biznes konfransı keçirilir. Bu, çox əhəmiyyətli bir toplantıdır, çünki bu dəfə Qara dəniz hövzəsi ölkələri ilə iqtisadi əməkdaşlıq çərçivəsində ən çox xüsusi şirkətlərə, biznes nümayəndələrinə yer verilir. Bu ölkələrin bir çox dövlət başçıları, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Birləşmiş Millətlər Təşkilatının və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak edəcəklər. Hətta Qərb ölkələrindən, o cümlədən ABŞ-dan da iş adamları gəlmişlər. Ona görə də toplantıda Azərbaycan da təmsil olunur, orada respublikamızın da nümayəndə heyəti var. Ancaq Türkiyə Prezidenti cənab Süleyman Dəmirəl mənə müraciət edərək dedi ki, mənim də oraya gəlməyim münasib olar, lazımdır, çünki bir neçə başqa ölkənin də prezidentləri oraya gəlirlər.
Bu, birgünlük səfərdir, axşam Vətənə dönəcəyəm. Mən bu səfəri əhəmiyyətli hesab edirəm. Biz bütün imkanlardan istifadə edib iqtisadiyyatımızın inkişafı və xarici sərmayənin cəlb olunması, bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində yeni-yeni işlər görmək istəyirik.
Prezident Heydər Əliyev Azərbaycandan keçəcək nəqliyyat yolları layihələrinin, yəni TRASEKA layihəsinin maliyyələşdirilməsi məsələsinin müzakirə edilib-edilməyəcəyi barədə suala cavab verərək dedi: Ola bilsin ki, bu barədə məlumatlar veriləcək, lakin məsələ müzakirə edilib hər hansı qərar qəbul olunmayacaqdır. Bununla yanaşı, bu layihələr, xüsusən kommunikasiya layihələri, elektrik enerjisi sistemlərinin, habelə Avropa və Asiya qitələrinin bu cür sistemlərinin birləşdirilməsi və Xəzər dənizindən enerji daşıyıcılarının nəqli məsələləri də orada müzakirə olunacaq, yəni bu barədə fikir mübadiləsi ediləcəkdir. Ola bilər ki, müəyyən layihələr də müzakirəyə çıxarılsın. Orada yeni bir qərar qəbul etmək nəzərdə tutulmayıb, ancaq bu məsələlərin irəlilədilməsi üçün, inkişaf etdirilməsi üçün, fikir mübadiləsi, müzakirələr lazımdır, çox əhəmiyyətlidir.
Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin və Baş nazirin müavinləri, nazirlər, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Osman Faruq Loğoğlu, digər rəsmi şəxslər yola saldılar.