AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV UKRAYNA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 22-də Prezident sarayında Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibi Yuri Sergeyev başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev qonaqları salamlayaraq dedi ki, bu cür səfərlər Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına xidmət edir. Respublikamızın rəhbəri vurğuladı ki, prezidentlər müxtəlif beynəlxalq forumlarda, o cümlədən MDB çərçivəsində tez-tez görüşüb, ikitərəfli strateji əməkdaşlığın istiqamətlərini müzakirə etsələr də, müəyyənləşdirilmiş siyasətin xarici işlər nazirlikləri tərəfindən həyata keçirilməsinə lüzum var.
Yuri Sergeyev səmimi qəbula görə dövlətimizin başçısına təşəkkür edərək bildirdi ki, ölkələrimizin prezidentlərinin Yaltadakı görüşündən sonra ikitərəfli iqtisadi komissiyanın səmərəli iclası keçirilmiş, bu sahədə böyük iş görülmüşdür. O dedi ki, Ukrayna nümayəndə heyətinin indiki səfəri Azərbaycan və Ukrayna prezidentləri arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə xidmət etməlidir. Yuri Sergeyev Bakıda aparılmış danışıqlardan və Xarici İşlər Nazirliyində, Nazirlər Kabinetində, parlamentdə, ARDNŞ-də keçirilmiş görüşlərdən razı qaldığını söylədi. Ukrayna diplomatı dedi: “Bu görüşlərdə nəzərə çarpdırıldı ki, hazırda ölkələrimiz arasında siyasi aşkarlıq və yüksək etimad münasibətləri mövcuddur və gələcəkdə Azərbaycan da, Ukrayna da bir-birini real strateji tərəfdaş görmək istərdilər”.
Yuri Sergeyev ölkəmizin Müstəqillik günü münasibətilə Ukrayna Prezidenti Leonid Kuçmanın təbrik məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etdi.
Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vladimir Svyatun iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur