AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV YALTAYA GƏLMİŞDİR
GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Yaltaya işgüzar səfərə gedən Azərbaycan Prezidenti Heydər Əliyev iyulun 19-da Sevastopolun “Belbek” hava limanına gəldi.
Hava limanında dövlətimizin başçısının şərəfinə Ukrayna Hərbi Dəniz Donanmasının matroslarından ibarət fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti Heydər Əliyevi Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Çalıy, Krım Muxtar Respublikasının baş naziri Sergey Kunitsın, Ukrayna hökumətinin digər rəsmi şəxsləri, respublikamızın bu ölkədəki səfiri Tələt Əliyev səmimiyyətlə qarşıladılar. Milli geyimli ukraynalı qızlar Prezident Heydər Əliyevə duz-çörək, Ukraynada yaşayan soydaşlarımızın uşaqları gül dəstəsi təqdim etdilər.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Yaltaya gəldi.
Prezident Heydər Əliyev qısa istirahətdən sonra Gürcüstan dövləti başçısının iqamətgahına gəldi. Prezident Eduard Şevardnadze respublikamızın rəhbərini iqamətgahın qarşısında səmimiyyətlə və dostcasına salamladı. Sonra Azərbaycan Prezidenti Heydər Əliyev ilə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin təkbətək görüşü oldu. Dövlət başçıları dost və qardaş ölkələrimiz arasında münasibətlər, Cənubi Qafqazda vəziyyət, hər iki tərəfi maraqlandıran problemlər, GUÖAM təşkilatının perspektivləri barədə ətraflı fikir mübadiləsi etdilər.
Görüş başa çatdıqdan sonra prezidentlər jurnalistlərə qısa müsahibə verdilər.
Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev ilə Ukrayna Prezidenti Leonid Kuçma arasında təkbətək görüş oldu. Ukrayna dövlətinin başçısı respublikamızın rəhbərini səmimiyyətlə salamladı, zirvə görüşündə iştirak etmək üçün Yaltaya gəldiyinə görə təşəkkürünü bildirdi. Prezidentlər Azərbaycan-Ukrayna əlaqələrinin perspektivləri, beynəlxalq vəziyyət, GUÖAM-ın növbəti zirvə görüşü, hər iki tərəfi maraqlandıran bir sıra məsələlərlə bağlı geniş müzakirələr apardılar.
İyulun 19-da axşam Ukrayna Prezidenti Leonid Kuçmanın adından zirvə görüşü iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak edirdi.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Yalta