AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOS İLƏ GÖRÜŞMÜŞDÜR
Dövlətimizin başçısını hərarətlə salamlayan Yunanıstan Prezidenti Qara dəniz hövzəsi ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin iyun-iyul aylarında Buxarestdə keçirilmiş Zirvə toplantısında onunla görüşünü məmnunluqla xatırladığını söyləyərək dedi ki, mən o vaxt Sizinlə fikir mübadiləsi aparmağımızdan çox şad oldum. O, Prezident Heydər Əliyevə müraciətlə dedi: Mən yenidən görüşməyimizi səbirsizliklə gözləyirdim və belə bir imkan yaranmasından çox razıyam.
Səmimi və xoş sözlərə görə cənab Stefanopulosa minnətdarlığını bildirən Azərbaycan rəhbəri dövlətlərimiz arasında yaranmış əlaqələrdən razılıqla söhbət açdı. Prezident Heydər Əliyev dedi ki, ölkələrimizin bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanları vardır və bunlardan dolğun istifadə edilməsi həm Yunanıstan, həm də Azərbaycan üçün faydalı olardı.
Bu fikri razılıqla qarşılayan Yunanıstan Prezidenti Azərbaycanla bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə və dərinləşdirilməsinə xüsusi maraq göstərdiyini vurğuladı. O dedi ki, biz Azərbaycanın zəngin neft yataqlarına malik olduğunu bilirik və bu neftin ixrac olunmasında iştirak etmək istəyirik. Cənab Stefanopulos Novorossiyskdən keçəcək neft kəmərinin Yunanıstan ərazisindən ixrac olunmasına kömək etməyi dövlətimizn başçısından xahiş etdi.
Respublikamızın rəhbəri dedi ki, biz Avropa Birliyinin üzvü olan Yunanıstanla əlaqələrimizin inkişaf etdirilməsinə tərəfdarıq və hər iki ölkəni maraqlandıran məsələlərin həlli üçün konkret tədbirlər görülməlidir.
Cənab Stefanopulos bildirdi ki, onun ölkəsi üzvü olduğu bütün beynəlxalq təşkilatlarda Azərbaycanının mövqeyini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir, Avropa Birliyinin respublikamıza humanitar yardımlarının artırılması üçün öz səylərini gücləndirəcəkdir.
Yunanıstan Prezidenti Azərbaycan dövlətinin başçısını öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Heydər Əliyev də cənab Stefanopulosu Azərbaycana rəsmi səfərə dəvət etdi.