RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN 80 İLLİK YUBİLEYİ BELÇİKADA TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR
Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin 80 illik yubileyi xarici ölkələrdə də qeyd olunur.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a daxil olun məlumatda deyilir ki, mayın 6-da Azərbaycanın Belçikadakı səfirliyində keçirilən təntənəli yubiley tədbirində bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, diaspor təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.
Səfir Mirhəmzə Əfəndiyevin “Prezident Heydər Əliyev və Beynəlxalq təşkilatlar” mövzusunda çıxışı dinlənilmişdir.
Tədbir iştirakçıları tariximizə və mədəniyyətimizə aid guşəyə, Heydər Əliyevin Belçika, NATO və Avropa ittifaqına çoxsaylı səfərlərini, beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşləri əks etdirən fotosərgiyə və videofilmlərə maraqla tamaşa etmişlər.
Azərbaycanın NATO yanında Nümayəndəliyi tərəfindən isə mayın 8-də NATO-nun mənzil qərargahında “Azərbaycan gecəsi” təşkil edilmişdir. Gecədə iştirak edən xarici ölkələrin səfirləri, hərbi nümayəndələri və diplomatları, NATO-nun beynəlxalq katibliyində çalışan məsul işçiləri Azərbaycanın tarixinə, mədəniyyətinə məxsus guşədəki fotosərgini seyr etməklə ölkəmiz barəsində məlumat əldə etmişlər. Tədbirdə iştirak edən NATO-nun baş katibi Robertson onu yüksək qiymətləndirmiş, Azərbaycanla NATO arasında qarşılıqlı siyasi və hərbi əlaqələrin ardıcıl inkişaf etdiyini vurğulamışdır.