AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYA BUNDESTAQININ VİTSE-PREZİDENTİ ANTYE FOLMER İLƏ GÖRÜŞÜ
Dünya miqyasında görkəmli dövlət xadimi kimi tanınan Prezident Heydər Əliyevlə görüşdən şərəf duyduğunu bildirən xanım Folmer Almaniyanın Azərbaycan ilə əlaqələrinin durmadan inkişafına Bundestaqın da xüsusi maraq göstərdiyini nəzərə çarpdırdı.
Bundestaqda olmasından və xanım Antye Folmer ilə görüşündən məmnun qaldığını bildirən dövlətimizin başçısı ölkələrimiz arasındakı münasibətlərin tarixi ənənələrə söykəndiyini xatırlatdı və əməkdaşlığın bugünkü inkişafından razılıqla söhbət açdı.
Prezident Heydər Əliyev öz müstəqilliyinin beşinci ilini yaşayan Azərbaycan Respublikasında demokratik islahatların həyata keçirilməsi sahəsində görülən işlərdən bəhs edərək dedi ki, biz dünya birliyi ilə sıx əlaqələr qurmağa, o cümlədən Avropanın yüksək nüfuzlu bir dövləti olan Almaniya ilə bütün sahələrdə sıx əməkdaşlıq etməyə xüsusi fikir veririk.
Bazar münasibətləri yolunu seçmiş, iqtisadi islahatları müvəffəqiyyətlə həyata keçirən ölkəmizdə xarici şirkətlərin fəaliyyət göstərməsi üçün yaxşı imkanlar olduğunu nəzərə çarpdıran respublikamızın rəhbəri dövlətlərimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində parlament deputatlarının üzərinə də mühüm vəzifələr düşdüyünü vurğuladı.
Dövlətimizin başçısı Ermənistanın Azərbaycana təcavüzü, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün görülən işlər barədə də geniş bəhs edərək Bundestaqın, AFR dövlət və hökumət başçılarının ölkəmizin mövqeyini dəstəkləməsindən razılıqla söhbət açdı.
Görüş zamanı Almaniya Bundestaqı ilə Azərbaycan parlamenti arasında münasibətlərin daha da canlandırılması üçün nəzərdə tutlan tədbirlər ətraflı müzakirə edildi, parlamentlərarası əlaqələrin perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.