Respublika Prezidenti Heydər Əliyev Almaniyaya rəsmi səfəri zamanı iyulun 1-də bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşdü. Soydaşlarımız dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident Heydər Əliyev görüşdə çıxış etdi.
X X X
Köln Universitetinin professoru Rza Talibi çıxış edərək, Prezident Heydər Əliyevi Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri adından bir daha salamladı və onlarla görüşə gəldiyi üçün dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdi, soydaşlarımızın bu görüşdən böyük şərəf duyduqlarını söylədi. O, ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi sahəsində respublikamızın rəhbəri Heydər Əliyevin həyata keçirdiyi tədbirləri Almaniyadakı Azərbaycan diasporunun ürəkdən dəstəklədiyini vurğuladı.
Professor R.Talibi Azərbaycan diasporu adından Prezident Heydər Əliyevə kitab bağışladı.
Sonra respublika incəsənət gimnaziyasının şagirdi Surxay Əsgərov pianoçu Ayan Nuriyevanın müşayiəti ilə Üzeyir Hacıbəyovun, Motsartın əsərlərini ifa etdi. Gənc vokalçının çıxışı dinləyicilərə böyük təsir bağışladı.
Tamaşaçılar Azərbaycanın xalq artistləri Xuraman Qasımova və Fərhad Bədəlbəylinin, habelə Surxay Əsgərovun birgə çıxışını da alqışlarla qarşıladılar.