AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYAYA RƏSMİ SƏFƏRİ DAVAM EDİR
Prezident Heydər Əliyev hər üç partiya haqqında kifayət qədər məlumatı olduğunu söylədi və bildirdi ki, hökumətdə onların koalisiya təşkil etdiklərindən də xəbərdardır.
Azərbaycan Milli Məclisinin bir qrup deputatının da iştirak etdiyi görüşdə dövlətimizin başçısı Ermənistanın müstəqil respublikamıza qarşı hərbi təcavüzündən və bunun ölkəmiz üçün ağır nəticələr törətməsindən, bu münaqişəyə sülh yolu ilə son qoyulması sahəsində Azərbaycanın tutduğu ədalətli mövqedən söhbət açdı.
Almaniya siyasi partiyalarının nümayəndələri Azərbaycan rəhbərinin bu ölkəyə ilk rəsmi səfərini tarixi hadisə kimi qiymətləndirdilər.
Həmin gün axşam Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə AFR Prezidenti Roman Hersoqun adından rəsmi ziyafət verildi.
Azərbaycanın iqtisadi və mədəni həyatından bəhs edən kitabın təqdimat mərasimi oldu. Prezident Heydər Əliyev mərasimdə çıxış edərək, belə bir kitabın nəşrinin Almaniya ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə kömək edəcəyini vurğuladı.
Prezident Heydər Əliyevin Almaniyaya rəsmi səfəri ilə əlaqədar Bonnda mətbuat konfransı keçirildi.
Köln şəhərində Azərbaycan Prezidenti Almaniyanın tanınmış şirkət və firmalarının təmsilçiləri ilə də görüşdü. Söhbət zamanı respublikamızda elektrik stansiyalarının tikintisinə dair layihələrin maliyyələşdirilməsi, Bakı kondisioner, Sumqayıt boru-prokat zavodlarının yenidən qurulmasında, Sumqayıtda kiçik poladəritmə zavodunun tikilməsində Almaniya şirkətlərinin iştirakı, telekommunikasiya sahəsində əməkdaşlıq məsələləri və digər məsələlər müzakirə edildi.
Azərbaycan Prezidenti Heydər Əliyevin Almaniyaya rəsmi səfəri davam edir.