AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN LÜKSEMBURQ KRALI BÖYÜK HERSOQ JAN İLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısını hərarətlə salamlayan zati-aliləri Jan dünyada görkəmli siyasi xadim kimi tanınan Heydər Əliyev ilə görüşündən məmnun qaldığını bildirdi. Böyük Hersoq Lüksemburqun Azərbaycan ilə iqtisadi-siyasi əlaqələrinin genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğuladı.
Xoş sözlərə görə və Lüksemburqda Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə krala təşəkkür edən Prezident Heydər Əliyev ölkələrimizin münasibətlərinin daha da sıxlaşdırılmasının və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini nəzərə çarpdırdı.
Müntəzəm siyasi məsləhətləşmələrin qaydaya salınması, iki ölkə arasında bütün sahələrdə münasibətlərin fəallaşdırılması məsələlərinə toxunan Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycan tərəfi Avropa kapitalının, o cümlədən də Lüksemburq işgüzar dairələrinin sərmayəsinin ölkəmizə cəlb edilməsində maraqlıdır. Azərbaycan rəhbəri bir daha təsdiq etdi ki, respublikamız Lüksemburqdan Azərbaycan iqtisadiyyatına sərmayələrin fəal cəlb olunması üçün hər cür şərait yaratmağa hazırdır.
Kral həzrətləri xüsusi olaraq qeyd etdi ki, elm, idman, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün böyük imkanlar var. Onun fikrincə, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, yəni qarşılıqlı surətdə mədəniyyət günləri keçirilməsi, rəssamların sərgilərinin təşkili xalqlarımızın bir-birini yaxından tanımasında mühüm rol oynaya bilər. Belə tədbirlər iki ölkənin və xalqın etnik xüsusiyyətləri, ənənələri və çoxəsrlik tarixi ilə qarşılıqlı surətdə tanışlıq üçün şərait yaradar.
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş söhbət açaraq qeyd etdi ki, bu münaqişənin aradan qaldırılmasında Azərbaycan Lüksemburqun siyasi dəstəyini yüksək qiymətləndirir. O dedi: Biz ümidvarıq ki, bir milyondan çox azərbaycanlı qaçqının ağır şəraitdə yaşamasına Lüksemburq da biganə qalmayacaq və onlara humanitar yardım göstərəcəkdir.
Respublikamızın rəhbəri bu münaqişənin sülh yolu ilə həll edilməsi ilə əlaqədar ATƏT çərçivəsində görülən işlərdən də bəhs etdi və aparılan danışıqların əməli nəticələr verəcəyinə əmin olduğunu bildirdi. Prezident Heydər Əliyev münaqişəyə son qoyulması ilə əlaqədar Azərbaycanın əsas şərtlərini geniş şərh etdi və bütün bunların beynəlxalq hüquq normalarına əsaslandığını vurğuladı.
Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin daha da yaxşılaşdırılması ilə əlaqədar görülməli işlərdən də bəhs olundu və dövlətlərimizi qarşılıqlı surətdə maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.