AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NAXÇIVANA SƏFƏRİ DAVAM EDİR
Naxçıvan MR-də səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 17-də səhər Şəhidlər xiyabanına gəldi. Muxtar Respublikanın rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, elm, ədəbiyyat, incəsənət xadimləri, tələbələr, məktəblilər dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Prezident Heydər Əliyev Şəhidlər xiyabanındakı “Ana” abidəsinin önünə əklil qoydu. Şəhidlərin xatirəsini ehtiramla yad etdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Prezident Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının tanınmış ziyalıları ilə görüşüb söhbət etdi. Xalq yazıçısı, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Hüseyn İbrahimov bu günlərdə respublikamızın bir sıra tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə yanaşı, özünün də Prezidentin fərdi təqaüdünə layiq görüldüyünə görə dərin təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti xalq rəssamı, Muxtar Respublika Rəssamlar Birliyinin sədri Hüseynqulu Əliyev, MR-ın səhiyyə naziri Əqil Mehdiyev, MR “Sevil” Qadınlar məclisinin sədri Nüşabə Əliyeva, şairə Mətanət Hüseynxanqızı və başqaları ilə də görüşdü. Onlar Muxtar Respublikaya göstərdiyi atalıq qayğısına görə dövlətimizin rəhbərinə səmimi təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi İsa Həbibbəyli isə rəhbərlik etdiyi ali məktəbə sərbəst idarəetmə statusu verilməsi ilə əlaqədar universitetin professor-müəllim heyəti və tələbələri adından Prezident Heydər Əliyevə öz razılığını bildirdi.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyev “N” hərbi hissəsində keçirilən mərasimdə iştirak etdi.
Yolboyu kəndlərin sakinləri Prezidenti hərarətlə salamladılar. Bir neçə yerdə dövlətimizin başçısının şərəfinə qurban kəsildi.
Prezident Heydər Əliyevə hərbi hissənin sərəncamında olan müxtəlif döyüş texnikası və hərbi sursat barədə məlumat verildi. Ali Baş Komandan şəxsi heyətlə - zabit və əsgərlərlə səmimi söhbət etdi. Onların məişəti ilə maraqlandı, əsgər yeməkxanasında hazırlanan yeməklərin dadına baxdı, əsgər kazarmasında oldu, bədii özfəaliyyət kollektivinin çıxışını dinlədi.
Sonra Ali Baş Komandanın gəlişi münasibətilə mitinq keçirildi.
Mitinqi Naxçıvan qarnizonunun komandanı, general-leytenant Kərəm Mustafayev açdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyev geniş nitq söylədi.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və müdafiə naziri general-polkovnik Səfər Əbiyev mitinqdə iştirak edirdilər.
X X X
Axşamüstü Cəmşid Naxçıvanski adına Hərbi Litseyin Naxçıvan filialında Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin müdavimlərlə görüşü oldu.
Görüşə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Filialın rəisi polkovnik-leytenant Rasim Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə raport verdi. Sonra o, filialın fəaliyyətindən danışdı. Müdavimlər, onların valideyinləri, müəllim və zabitlər tərəfindən hərarətlə qarşılanan dövlətimizin başçısı, Ali Baş Komandan Heydər Əliyev nitq söylədi.
Görüşdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Naxçıvan qarnizonunun komandanı general-leytenant Kərəm Mustafayev iştirak edirdilər.
X X X
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin komandirləri ilə müşavirə keçirdi. Dövlətimizin başçısı, Ali Baş Komandan Heydər Əliyev hərbi hissələrin problemləri, qayğıları ilə maraqlandı, dövlət sərhədlərimizin daha möhkəm qorunması sahəsində qarşıda duran vəzifələrdən danışdı, hərbçilərə öz əmrlərini və tapşırıqlarını verdi.
Müşavirədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iştirak edirdilər.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
Sabir Yusifov,
Rafiq İmanov
AZƏRTAC-ın xüsusi müxbirləri
Naxçıvan