AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NORVEÇ KRALI V HARALD İLƏ GÖRÜŞÜ
Prezident Heydər Əliyevi Norveçdə salamlamaqdan məmnun olduğunu bildirən kral V Harald Azərbaycan-Norveç münasibətlərinin inkişafı üçün bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Qonaqpərvərliyə görə krala təşəkkürünü bildirən dövlətimizin başçısı ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülmüş işlərdən razılıqla söhbət açdı.
Odlar diyarı adlanan ölkəmiz və Bakının ta qədimdən neft şəhəri olması, xalqımız haqqında müəyyən məlumatı olduğunu bildirən V Harald dedi ki, hələ 150 il bundan əvvəl Azərbaycanda neftin sənaye üsulu ilə istehsal edildiyindən də xəbərim var.
Norveç kralı ölkələrimiz arasında əlaqələrin daha da sıxlaşdırılması üçün “Statoyl” ilə Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlığının mühüm rol oynadığını qeyd etdi. Zati-alilərinin fikrincə, ölkələrimizin biznes dairələrinin bir-biri ilə sıx təmasda olması xalqlarımızın münasibətlərini daha da möhkəmləndirəcəkdir.
Norveçdə səfərdə olduğu bu günlərdə Baş nazir xanım Brundtland, parlamentin sədri xanım Qrondal ilə apardığı danışıqlardan, Osloda keçirdiyi görüşlərdən razılıqla bəhs edən Prezident Heydər Əliyev aprelin 24-də imzalanmış sənədlərin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə güclü təkan verəcəyinə əmin olduğunu bildirdi.
Dövlətimizin başçısı dedi ki, müstəqilliyini yenicə qazanmış gənc respublikamızın zəngin təbii ehtiyatları var, xalqımız zəhmətsevər və sülhsevərdir. Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən Prezident Heydər Əliyev torpaqlarımızın işğaldan azad edilməsi, yurdundan zorla qovulmuş bir milyondan çox vətəndaşımızın öz yerlərinə qayıtması üçün Azərbaycanın haqlı tələbləri olduğunu bildirdi. Prezident dedi ki, Azərbaycan bütün ölkələrlə sülh şəraitində yaşamaq istəyir. Dövlətimizin başçısı Osloda beynəlxalq uşaq incəsənət muzeyində azərbaycanlı qaçqın uşaqların əl işləri ilə tanışlıqdan çox məmnun qaldığını bildirdi.
Prezident Heydər Əliyev kral V Haraldı və kraliçanı Azərbaycana rəsmi səfərə dəvət etdi.