AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NORVEÇİN İŞ ADAMLARI İLƏ GÖRÜŞÜ
Norveçin “Vilhemsen” şirkətlər qrupunun prezidenti Leyf Loddesol görüşü açaraq, Prezident Heydər Əliyevi və onu müşayiət edən şəxsləri səmimi salamladı və bildirdi ki, bu görüşdə ölkənin neft və sənaye sektorunu təmsil edən nümayəndələr toplaşmışlar. O qeyd etdi ki, Norveçin “Statoyl” şirkəti yüksək texnologiyadan istifadə edərək böyük nailiyyətlər qazanmış və ölkənin iqtisadiyyatına mühüm töhfələr vermişdir. Biz bu nailiyyətlərə əsaslanaraq, Azərbaycanın neft və qaz yataqlarının işlənməsində yaxından iştirak etmək və qarşılıqlı surətdə faydalı əməkdaşlıq çərçivəsində təcrübəmizi və uğurlarımızı Azərbaycan neft sənayesinin nümayəndələri ilə bölüşmək istəyirik.
Cənab Loddesol çıxışının sonunda Prezident Heydər Əliyevə müraciətlə dedi: Cənab Prezident, Azərbaycanın tarixində və onun neft sənayesi üçün yeni eranın başlanmasında Sizin göstərdiyiniz şəxsi səyləri yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Haqlı olaraq “Əsrin müqaviləsi” adlandırdığınız müqavilədə iştirak edən bir şirkət kimi, biz Azərbaycanın neft sənayesinin və ümumiyyətlə, iqtisadiyyatının gələcəyi barədə Sizin nikbin baxışlarınıza tamamilə şərikik və bu məsələlərdə Sizinlə birlikdəyik. Bu gün Sizin yeni fikirlərinizi məmuniyyətlə dinləmək və bizə verə biləcəyiniz məlumatı eşitmək istərdik.
Sonra Prezident Heydər Əliyev görüş iştirakçıları qarşısında çıxış etdi.