AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NORVEÇİN “STATOYL” ŞİRKƏTİNİN PREZİDENTİ İLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısı Heydər Əliyevi Stavangerdə salamlamaqdan şərəf duyduğunu bildirən cənab Norvinq “Statoyl” şirkətinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Dünyanın görkəmli siyasi xadimi Heydər Əliyevi norveçlilərin də yaxşı tanıdıqlarını və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və ölkə iqtisadiyyatının durmadan inkişaf etdirilməsi istiqamətində onun həyata keçirdiyi tədbirləri ürəkdən dəstəklədiklərini bildirən cənab Norvinq bu səfərin ölkələrimiz arasında əməkdaşlığın durmadan inkişafında əvəzsiz rol oynayacağını nəzərə çarpdırdı.
Azərbaycanda “Statoyl”un fəaliyyəti üçün yaradılmış şəraitə və göstərilən qayğıya görə Prezident Heydər Əliyevə bir daha təşəkkür edən cənab Norvinq dedi ki, biz Sizin ölkənizlə əlaqələrimizin daha da genişləndirilməsinə xüsusi diqqət yetiririk. Çalışırıq ki, Azərbaycan iqtisadiyyatının əsaslı yüksəlişində “Statoyl” da əlindən gələni əsirgəməsin.
Xoş sözlərə görə cənab Norvinqə təşəkkür edən dövlətimizin başçısı dedi ki, Azərbaycan müstəqillik qazandığı vaxt ölkəmizdə iş görməyə gələn ilk xarici şirkətlərdən biri məhz “Statoyl” olmuşdur və biz bunu yüksək qiymətləndiririk. “Əsrin müqaviləsi”ndə “Statoyl”un iştirakından razılıqla söhbət açan Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, bu şirkət digər sahələrdə də ölkəmizlə əlaqələri möhkəmləndirəcək və xarici sərmayədarların respublikamıza cəlb olunmasında da səylərini artıracaqdır.
Norveç-Azərbaycan iqtisadi əlaqələrinin daha da sıxlaşdırılmasının hər iki tərəf üçün böyük əhəmiyyəti olduğunu nəzərə çarpdıran dövlətimizin başçısı “Statoyl”un istifadə etdiyi ən qabaqcıl texnika və texnologiyanın respublikamızda da tətbiqinin vacibliyini vurğuladı. Prezident Heydər Əliyev dedi ki, “Statoyl” bütün sahələrdə gənc müstəqil respublikamıza yaxından kömək etməli, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə Azərbaycanın haqq işinin geniş təbliğinə də diqqəti artırmalıdır.
Cənab Norvinq rəhbərlik etdiyi şirkət haqqında Prezident Heydər Əliyevə geniş məlumat verərək dedi: Ölkənin ən iri neftçıxarma şirkəti olan “Statoyl” Dövlət Şirkətinin əsası 1972-ci ildə qoyulub. “Statoyl” Beynəlxalq Neft-Qaz Konserni tamamilə dövlətə mənsubdur və 21 ölkədə fəaliyyət göstərir. Ümumiyyətlə, “Statoyl” Şimal dənizində ən çox neft istehsal edən şirkətdir. 1994-cü ilin yekunlarına görə, onun xalis mənfəəti 818,2 milyon dollar olmuşdur. O dedi ki, biz Azərbaycan neft sənayesinin inkişafına əməli kömək göstərmək üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik və ölkənizin ən ağrılı problemi olan hərbi münaqişədə Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında səylərimizi davam etdirəcəyik.
Görüşdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların da birgə istismarında “Statoyl”un iştirakı məsələləri müzakirə olundu. Prezident Heydər Əliyev bildirdi ki, biz ölkəmizə sərmayə qoyan hər bir şirkətlə əlaqələri daha da sıxlaşdırmaq istəyirik və əməkdaşlığın genişləndirilməsi üçün ölkəmizdə imkanlar çoxdur.
Söhbət zamanı ARDNŞ ilə “Statoyl” arasında imzalanacaq sazişin layihəsi də müzakirə edildi. Dövlətimizin başçısı “Statoyl”un və “Britiş Petroleum”un respublikamıza laboratoriya hədiyyə etmək niyyətini razılıqla qarşıladı.