AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QIRĞIZISTANA SƏFƏRİ
Prezident Heydər Əliyev səfərə yola düşməzdən qabaq Binə hava limanında jurnalistlərin suallarını cavablandırmışdır.
Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər yola salmışlar.
Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Türkmənistan Prezidenti Saparmurad Niyazov və digər ölkələrdən gələn fəxri qonaqların iştirak etdiyi böyük bayram mərasimini Qırğızıstan Prezidenti Əsgər Akayev açmışdır. O, türkdilli dövlətlərin başçılarının növbəti Zirvə toplantısı ərəfəsində bütün türklərin qəhrəmanlıq, məhəbbət və dostluq dastanı olan “Manas” kompleksinin açılışını xalqlarımızın birliyinin və həmrəyliyinin rəmzi kimi qiymətləndirmişdir.
Fəxri qonaqlar və Qırğızıstan ictimaiyyətinin nümayəndələri kompleks ilə yaxından tanış olmuşlar.
Kompleksin təntənəli açılışından dərhal sonra Azərbaycan Prezidenti Heydər Əliyev dövlət başçıları üçün ayrılmış iqamətgahda Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə və Türkmənistan Prezidenti Saparmurad Niyazovla görüşmüşdür. Söhbətlər zamanı ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi olmuşdur.
Avqustun 28-də Bişkekdə türkdilli dövlətlərin başçılarının üçüncü Zirvə toplantısı başlanmışdır. Görüşdə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Saparmurad Niyazov, Özbəkistan Prezidenti İslam Kərimov, Qırğızıstan Prezidenti Əsgər Akayev iştirak edirdilər.
Toplantını giriş sözü ilə Qırğızıstan Prezidenti Əsgər Akayev açmış, görüş iştirakçılarına səmərəli iş arzulamışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev toplantıda çıxış etmişdir.
Sonra türkdilli dövlətlərin başçılarına və digər fəxri qonaqlara “Manas” yubiley medalı təqdim olunmuşdur. Bişkek Zirvə toplantısında iştirak edən dövlətlərin başçıları kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişlər.
Daha sonra “Manas” dastanının yubileyinə həsr edilmiş təntənəli yığıncaq və konsert olmuşdur.