AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QIRĞIZISTANA SƏFƏRİ BAŞA ÇATDI
Mərasimi giriş sözü ilə Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayev açdı. Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl, YUNESKO-nun Baş direktoru Federiko Mayor və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə çıxış etdilər.
Sonra Talas çölündə “Manas” dastanının motivləri əsasında teatrlaşdırılmış tamaşa göstərildi. Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Qırğızıstan Prezidenti Əsgər Akayev, YUNESKO-nun Baş direktoru Federiko Mayor və digər fəxri qonaqlar qırğızların və bütövlükdə türkdilli xalqların qəhrəmanlıq tarixini çox gözəl əks etdirən bu tamaşaya baxdılar.
Günortadan sonra Azərbaycan Prezidenti Heydər Əliyev Bişkekə qayıtdı.
Avqustun 29-da Azərbaycan Prezidenti Heydər Əliyevin Qırğızıstana səfəri başa çatdı. Dövlətimizin başçısı elə həmin gün Bişkekdən Bakıya yola düşdü.