AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUMINİYA PREZİDENTİ EMİL KONSTANTİNESKU İLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısı ilə görüşündən və onunla tanış olmaqdan məmnun qaldığını bildirən cənab Konstantinesku Prezident Heydər Əliyevin Rumıniyaya səfərini ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində mühüm mərhələ kimi qiymətləndirdi. O vaxt müxalifətdə olduğunu xatırladan cənab Konstantinesku Azərbaycan- Rumıniya əməkdaşlığının möhkəmləndirilməsi naminə imzalanmış sənədlərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün yaxşı əsas yaratdığını nəzərə çarpdırdı.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın dünya birliyində özünəməxsus yer tutmasından razılıqla söhbət açan cənab Konstantinesku ölkələrimizin tarixi əlaqələrinin yeni şəraitdə durmadan inkişaf etdirilməsinə Rumıniyanın xüsusi maraq göstərdiyini qeyd etdi.
Azərbaycanın da Rumıniya ilə əlaqələrə böyük diqqət yetirdiyini bildirən Prezident Heydər Əliyev bu ölkəyə səfərini həmişə xoş xatirə kimi yada saldığını nəzərə çarpdırdı. Rumıniyanın keçmiş Prezidenti cənab İliyeskunun vaxtilə Azərbaycanda səfərdə olduğunu vurğulayan dövlətimizin başçısı Heydər Əliyev Azərbaycan və rumın xalqlarının tarixi dostluq ənənələrindən məmnunluqla söhbət açdı və keçmiş sovet hakimiyyəti dövründə də respublikalarımız arasında yaxşı əlaqələrin mövcud olduğunu xatırlatdı.
Azərbaycan ilə Rumıniya arasında imzalanmış sənədlərin ölkələrimizin əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yaxşı əsas olduğunu bildirən dövlətimizin başçısı Heydər Əliyev bir sıra beynəlxalq təşkilatlarda dövlətlərimizin əlaqələrinin hazırkı vəziyyətindən razılıqla bəhs etdi.
İqtisadiyyat, ticarət, mədəniyyət və bir sıra digər sahələrdəki əməkdaşlıq imkanlarından söhbət açan respublikamızın rəhbəri Rumıniya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinin hər iki dövlət üçün xüsusi əhəmiyyətini vurğuladı. Vaxtilə qardaşlaşmış şəhərlər olan Sumqayıt ilə Piteşti arasındakı münasibətlərin canlandırılmasının vacibliyini qeyd etdi. Avrasiya magistralına Rumıniyanın da qoşulmasından məmnun qaldığını bildirən Prezident Prezident Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi sahəsində respublikamızın bir sıra xarici ölkələrlə imzaladığı tarixi müqavilələrdən və hasil ediləcək neftin dünya bazarına çıxarılması üçün kəmərlərin çəkilməsindən də söhbət açdı. Piteştidə anadan olduğunu və onun doğma şəhərinin Sumqayıtla əlaqələrinin daha da canlandırılmasını çox faydalı hesab etdiyini bildirən cənab Konstantinesku Azərbaycan Prezidenti Heydər Əliyevi Rumıniyaya rəsmi səfərə dəvət etdi. Bu dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı isə Rumıniya prezidentini ölkəmizə səfərə dəvət etdi.
Görüşdə Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev iştirak edirdilər.