AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL İLƏ GÖRÜŞÜ
Respublikamızın rəhbərini hərarətlə salamlayan Süleyman Dəmirəl onun dəvətini qəbul edərək, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin biznes konfransında iştirak etmək üçün İstanbula gəldiyinə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirdi.
Biznes konfransında dünyanın 35 ölkəsindən 400-dən çox nümayəndənin və bir sıra dövlət başçılarının iştirak edəcəyini söyləyən cənab Dəmirəl iqtisadi əməkdaşlığın durmadan inkişafında və möhkəmləndirilməsində bu tədbirin xüsusi əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu vurğuladı.
Qardaş ölkələrimizin iqtisadi əlaqələrinin gündən-günə sıxlaşmasından məmnun qaldığını ifadə edən Türkiyə Prezidenti respublikamızda Prezident Heydər Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən böyük əhəmiyyətli tədbirlərin dünyanın əksər dövlətləri tərəfindən maraqla qarşılanmasından razılıqla söhbət açdı, qardaş Azərbaycanda qısa vaxtda yaradılmış müsbət dəyişiklikləri yüksək qiymətləndirdi.
Azərbaycan Prezidentinin dost ölkəyə rəsmi səfərini Türkiyədə böyük səbirsizliklə gözlədiklərini nəzərə çarpdıran Süleyman Dəmirəl əmin olduğunu bildirdi ki, Heydər Əliyevin qarşıdakı səfəri respublikalarımızın qarşılıqlı surətdə faydalı əməkdaşlığında yeni mərhələ açacaqdır.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin biznes konfransına onu dəvət etdiyinə və göstərilən qonaqpərvərliyə görə cənab Dəmirələ minnətdarlığını bildirən respublikamızın rəhbəri dedi ki, bazar münasibətləri yolunu seçmiş, demokratik dövlət quran Azərbaycan dünya birliyi ilə iqtisadi əlaqələrin durmadan möhkəmləndirilməsinə xüsusi diqqət yetirir və İstanbul Biznes Konfransının da bu sahədə çox əhəmiyyətli olacağına əmindir.
ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplərin yerinə yetirilməsi üçün Minsk konfransının yeni həmsədrləri vasitəsilə aparılan danışıqlardan söhbət açan Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması işində Türkiyənin ölkəmizə göstərdiyi mənəvi yardımdan bir daha məmnunluqla bəhs etdi.
Söhbət zamanı Azərbaycan-Türkiyə əməkdaşlığını daha da inkişaf etdirmək üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, qardaş ölkənin iş adamlarının ölkəmizlə əlaqələrinin indən sonra da möhkəmləndirilməsi ilə əlaqədar bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov, ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.