AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ DAVAM EDİR
İstanbulda işgüzar səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 15-də “Çırağan” sarayında Türkiyənin iş adamları ilə görüşmüşdür. Görüşdə Türkiyənin 200-dən çox nüfuzlu şirkətinin 300-dən çox təmsilçisi, habelə bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və digər şəxslər iştirak edirdilər.
Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi və cənab Süleyman Dəmirəli hərarətli alqışlarla qarşıladılar. Görüşü giriş sözü ilə Türkiyə-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Əli Yücəl açdı.
Türkiyə sənaye, ticarət və birjalar palatasının sədri Rifat Hısarcıqlıoğlu, dövlət naziri Rəşad Doğru, Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl çıxış etdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə geniş nitq söylədi.
(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc edilir).
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevə iş adamlarına göstərdiyi diqqət və qayğıya görə Türkiyə-Azərbaycan müştərək iqtisadi komissiyası adından plaket təqdim olundu. Azərbaycanda fəaliyyət göstərən yerli və xarici ölkə jurnalistlərinə göstərdiyi qayğıya, mətbuata verdiyi önəmə, yaratdığı gözəl şəraitə görə Prezident Heydər Əliyevə Türkiyənin “Samanyolu” televiziya kanalının “Medianın dostu” mükafatı təqdim edildi.
Görüşdən sonra Türkiyənin çox nüfuzlu iş adamları dövlətimizin başçısına yaxınlaşaraq, Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər, ölkəmizlə əməkdaşlığı daha da sıxlaşdırmağa hazır olduqlarını söylədilər.
X X X
Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyənin və bu ölkədə akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirdi. Mətbuat konfransında Azərbaycan jurnalistləri də iştirak edirdilər.
Prezident Heydər Əliyev mətbuat konfransında bəyanatla çıxış etdi və jurnalistlərin suallarına ətraflı cavab verdi.
(Dövlətimizin başçsının bəyanatı qəzetin bugünkü nömrəsində dərc olunur).
Aslan Aslanov,
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbirləri