AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA İLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısını mehribanlıqla salamlayan cənab Kuçma Prezident Heydər Əliyevin Ukraynaya rəsmi dövlət səfərinin ölkədə böyük rəğbətlə qarşılandığını və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını nəzərə çarpdırdı.
Xoş sözlərə görə cənab Kuçmaya minnətdarlığını bildirən respublikamızın rəhbəri Ukraynaya dövlət səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə imzalanmış sənədlərin bu münasibətlərin daha da dərinləşməsi üçün möhkəm əsas olduğunu vurğuladı.
Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq əlaqələrindən məmnunluqla söhbət açan dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, imzalanan yeni sənədlər ölkələrimizin müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsində, demokratik, sivilizasiyalı dövlətlər qurulması işində, habelə keçid dövründə qarşıya çıxan sosial-iqtisadi çətinliklərin qısa müddətdə aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Neft-qaz sənayesi və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq imkanlarını xatırladan respublikamızın rəhbəri Ukraynanın və Mərkəzi Asiyanın bir sıra ölkələrinin qoşulduqları Transqafqaz magistralının bu əməkdaşlığın sıxlaşdırılmasına, xalqlarımızın ünsiyyətinin daha da canlandırılmasına müsbət təsir göstərəcəyini vurğuladı.
Ölkələrimizin beynəlxalq təşkilatlar, MDB çərçivəsindəki əlaqələrinin hazırkı vəziyyətindən bəhs edən Prezident Heydər Əliyev ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün qəbul edilmiş prinsiplərin Ukrayna tərəfindən dəstəklənməsindən razılıqla söhbət açdı.
Lissabon zirvə görüşündən sonra üç böyük dövlətin - ABŞ, Rusiya və Fransanın ATƏT-in Minsk konfransının həmsədrləri təyin edilməsindən məmnun qaldığını bildirən respublikamızın rəhbəri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində görülən işlərdən, aparılan danışıqlardan söhbət açaraq dedi ki, biz bu münaqişənin tezliklə həll edilməsini, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını, öz yurdundan zorla qovulmuş bir milyondan çox vətəndaşımızın doğma yerlərinə qayıtmasını istəyirik və ATƏT-in üzvü olan nüfuzlu dövlətlərin bu sahədəki səylərinə xüsusi əhəmiyyət veririk.
Söhbət zamanı Azərbaycan - Ukrayna əməkdaşlığının perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı, bir sıra konkret məsələlər nəzərdən keçirildi.