AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN UKRAYNANIN PREZİDENTİ LEONİD KUÇMA İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Kiyev şəhərində keçirilən zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanvarın 28-də Ukraynanın Prezidenti Leonid Kuçma ilə görüşü olmuşdur.
Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan Leonid Kuçma ölkəmizin başçısı ilə Ukrayna paytaxtında görüşməkdən məmnun olduğunu bildirdi.
Prezident Heydər Əliyev göstərilən qonaqpərvərliyə və diqqətə görə Prezident Leonid Kuçmaya minnətdarlığını bildirdi.
Ölkələrimiz arasında təşəkkül tapmış dostluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən söhbət açan prezidentlər ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini, beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə fəaliyyətin zəruriliyini vurğuladılar.
Neft və qaz sahəsində əməkdaşlığın perspektivlərinə toxunan dövlət başçıları transmilli layihələrin regionun iqtisadi inkişafı, tərəqqisi üçün əhəmiyyətli olduğunu bildirdilər.
Ənənəvi mehribanlıq və səmimilik şəraitində keçən görüş zamanı hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər də nəzərdən keçirildi.