AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇİNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Prezident sarayında Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çjan Xayçjounun etimadnaməsini qəbul etmişdir.
Çjan Xayçjou Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə səmimi söhbət etdi, ötən il Çinə rəsmi səfərini, dövlət və hökumət başçıları ilə görüşlərini məmnunluqla xatırladaraq dedi ki, bizim ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Ümid edirəm ki, yeni səfir kimi sizin fəaliyyətiniz bu əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə yönələcəkdir.
Səfir Çjan Xayçjou Çin Xalq Respublikasının sədri Xu Szintaonun səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı, ölkəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verildiyini vurğuladı və dedi ki, ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur. Sizin rəhbərliyiniz altında tarixi İpək Yolunun bərpası istiqamətində həyata keçirilən tədbirlər və görülən işlər xalqlarımızı bir-biri ilə daha da yaxınlaşdıracaqdır. O, Bakıda son dövrdə baş verən böyük dəyişiklikləri, dinamik inkişafı yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Xu Szintaonun salamlarına görə minnətdarlığını bildirdi və özünün də səmimi salamlarını ona çatdırmağı səfirdən xahiş etdi.