AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SVERDLOVSK VİLAYƏTİNİN QUBERNATORU EDUARD ROSSELİ QƏBUL ETMİŞDİR
Qonağı səmimi salamlayan dövlətimizin başçısı Bakıda Sverdlovsk vilayəti mədəniyyət günlərinin keçirilməsini Azərbaycan-Rusiya əlaqələri tarixində əlamətdar bir hadisə kimi qiymətləndirdi. Prezident İlham Əliyev bu mədəniyyət günlərinin uğurla davam etdiyini vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın Rusiya ilə bütün sahələrdə əlaqələri, o cümlədən Sverdlovsk vilayəti ilə iqtisadi əməkdaşlığı sürətlə inkişaf edir. Rusiya Federasiyasına oktyabrın 18-19-da işgüzar səfərindən danışan Prezident İlham Əliyev bildirdi ki, bu səfər çox uğurlu və səmərəli keçmişdir.
Cənab Eduard Rossel ilə sonuncu görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı həmin görüşdə Sverdlovsk vilayətində ölkəmizin konsulluğunun açılması məsələsinin mümkünlüyünün müzakirə edildiyini nəzərə çarpdırdı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfi bu məsələ üzərində ciddi şəkildə işləmişdir və ona verilən məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindən bu məsələnin müsbət həlli barədə cavab alınmışdır.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən Eduard Rossel Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etməsindən məmnun qaldığını söylədi, bu əməkdaşlığın əsasının məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çarpdırdı.
Cənab Eduard Rossel Azərbaycanda keçirdiyi görüşlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi, Sverdlovsk vilayətinin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardan geniş söhbət açdı. Qonaq ümidvar olduğunu bildirdi ki, Azərbaycan ilə Sverdlovsk vilayəti arasındakı iqtisadi əlaqələr bundan sonra da daim genişlənəcəkdir.
Sverdlovsk vilayətində Azərbaycan konsulluğunun açılması məsələsinə toxunan və bundan çox məmnun qaldığını bildirən qonaq dedi ki, həmin konsulluq böyük bir regionu əhatə edəcəkdir.
Qəbulda Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov, mədəniyyət naziri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Pyotr Burdıkin, Sverdlovsk vilayəti hökumətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Viktor Kokşarov iştirak edirdilər.