RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Henri Coanda” beynəlxalq hava limanından birbaşa Buxarestin mərkəzindəki “Tei” parkına gəldi.
Burada dövlətimizin başçısını Buxarest şəhərinin ikinci sektorunun meri N.Ontsano səmimiyyətlə qarşıladı. O, park barədə məlumat verdi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Rumıniya ilə Azərbaycan arasında əlaqələrin yaranmasında və inkişafında əvəzsiz xidmətləri olduğunu bildirdi. Mer dedi ki, rumın xalqı dahi şəxsiyyəti daim yüksək ehtiramla xatırlayır və 2004-cü ildə bu mərkəzi parkda Heydər Əliyevin abidəsi qoyulmuşdur.
Prezident İlham Əliyev merə təşəkkür edərək dedi: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə və əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verirdi. Məhz belə gözəl parkda onun abidəsinin ucaldılması Rumıniya hökumətinin və xalqının Heydər Əliyevə olan hörmət və ehtiramının təzahürüdür. Azərbaycan və Rumıniyanın əməkdaşlığı bundan sonra da uğurla davam etdiriləcəkdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin abidəsini ziyarət etdi və önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı parkı və ətrafda yerləşən gölü seyr etdi və göstərilən diqqətə görə bir daha minnətdarlığını bildirdi.
Cənab Ontsano dövlətimizin başçısına məlumat verdi ki, parka gələn paytaxt sakinləri, o cümlədən yaxınlıqda yerləşən ali məktəblərin tələbələri, gənclər Heydər Əliyevin abidəsini də ziyarət edirlər.