AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YORK HERSOQU, ŞAHZADƏ ENDRYUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Prezident sarayında York hersoqu, şahzadə Endryunu qəbul etmişdir.
Şahzadə Endryu ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək istəyində olduğunu vurğuladı. Qonaq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanından ilk neftin yola salınması hadisəsinin əhəmiyyətini vurğulayaraq, bu səfərinin qarşıdan gələn illərdə Azərbaycanın inkişaf planlarını daha yaxından öyrənmək üçün yaxşı imkan yaratdığını bildirdi.
Dövlətimizin başçısı ötən il şahzadə Endryunun Azərbaycana səfər etdiyini məmnunluqla xatırladı. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizdə qlobal enerji layihələrinin uğurla həyata keçirildiyini bildirdi.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.