AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
İlk növbədə, Qazaxıstana dəvətə görə hörmətli Qazaxıstan Prezidenti Nursultan Abişoviç Nazarbayevə təşəkkür etmək istərdim. Bu, mənim üçün çox vacibdir. İkitərəfli münasibətlərə, regional əməkdaşlığa dair məsələlərin olduqca geniş spektri haqqında çox mühüm danışıqlar aparıldı. Enerji təhlükəsizliyi, kommunikasiya, nəqliyyat, regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri də əlbəttə ki, regionda ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətdən asılı olacaqdır.
Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri sistemi ilə nəqli haqqında Qazaxıstan ilə Azərbaycan arasında imzalanmış bugünkü dövlətlərarası müqavilə də ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha göstərir. Bu, qardaş xalqlar arasında, bir-birinə həmişə kömək etmiş və bu gün də müttəfiqlik nümunəsi olan ölkələr arasında ənənəvi münasibətlərdir.
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyəti yəqin ki, sonralar özünü göstərəcəkdir. Biz ona doğru çox uzun müddət irəliləmişik. Bu layihənin həyata keçirilməsi üçün Azərbaycanda çox böyük iş görülmüşdür. Boru kəmərinin Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıması təsadüfi deyil, çünki bu layihə məhz onun təşəbbüsü ilə həyata keçirilməyə başlanmışdır. Çoxları onu qeyri-real, mümkün olmayan, kommersiya baxımından səmərəsiz və sair, və ilaxır layihə kimi qəbul edirdi. Amma həyat göstərdi ki, bu layihəyə inananlar, onu həyata keçirənlər haqlıdırlar. İndi Bakı-Tbilisi-Ceyhan reallıqdır, Xəzəri Aralıq dənizi ilə ilk dəfə birləşdirən və bununla da Xəzərin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmağa imkan verən nadir nəqliyyat infrastrukturudur. O, ən müasir texnologiyadır və Azərbaycana, Qazaxıstana həmin istiqamətdə milyonlarla ton neft nəql etməyə imkan verəcəkdir. Boru kəmərinin buraxılış gücü hazırda ildə 50 milyon tondur, lakin texniki təkmilləşdirmələr hesabına, bu, demək olar, iki dəfə artırıla bilər.
Beləliklə, o, regionun ən iri neft arteriyası olacaqdır. Boru kəməri işə salındıqdan heç bir ay keçməmiş Qazaxıstanın ona qoşulması da bu layihənin nə dərəcədə vacib olduğuna sübutdur. Boru kəməri bu il mayın 28-də, Azərbaycanın Respublika günündə istismara verildi. İndi o, işləyir, neftlə doldurulur və gələcəkdə xalqlarımız onun fəaliyyətindən həm iqtisadi cəhətdən, həm müstəqil siyasətimizin möhkəmlənməsi baxımından, həm də regional əməkdaşlığın inkişafı baxımından və əlbəttə ki, regionda təhlükəsizlik sisteminin möhkəmlənməsi sarıdan ancaq fayda götürəcəklər.
Mənə çox xoşdur ki, bu tarixi gündə biz regionun dinamik inkişafını, enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasının alternativ yolunu on illərlə öncədən müəyyənləşdirən bir sənəd imzaladıq.
İndi enerji təhlükəsizliyi məsələləri ön sıraya keçir. Ona görə də Qazaxıstanın və Azərbaycanın səylərini birləşdirmək bizim üçün də, ümumən, regional layihələr üçün də çox vacibdir.
Bu mühüm tarixi hadisə münasibətilə Qazaxıstan Prezidenti Nursultan Abişoviç Nazarbayevi, habelə Qazaxıstan və Azərbaycan xalqlarını təbirk etmək istəyirəm.