AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Fransa Senatının muzeyində Azərbaycan rəssamlarının sərgisinin keçirilməsi ilə əlaqədar hörmətli cənab sədrə və bu sərginin təşkilində iştirak etmiş bütün dostlarımıza dərin təşəkkürümü bildirirəm.
Bu sərginin keçirilməsi bir daha onu göstərir ki, Fransa ilə Azərbaycan arasında ənənəvi dostluq əlaqələri güclənir, inkişaf edir və bütün sahələri əhatə edir. Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Eyni zamanda, Fransa və Azərbaycan iqtisadi sahədə də çox səmərəli əməkdaşlıq edirlər. Birgə layihələr həyata keçirilir, ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Bunlar hamısı göstərir ki, ölkələrimiz bütün sahələrdə bir-birinə yaxınlaşır və gözəl əməkdaşlıq edirlər.
Bu ilin yanvarında mən Fransada rəsmi səfərdə olarkən Senatda cənab sədrlə görüşmüşdük və çox geniş fikir mübadiləsi aparılmışdı. Bu gün də çox səmərəli söhbətimiz olmuşdur. Biz bir daha əmin olduq ki, ildən-ilə güclənən Fransa-Azərbaycan əlaqələri bu gün də genişlənir və çalışacağıq ki, bütün sahələrdə əməkdaşlığımız daha da səmərəli olsun.
Azərbaycanın Avropa strukturlarına inteqrasiyasında biz daim Fransanın dəstəyini hiss etmişik və bu gün də hiss edirik.
Bu gün burada Azərbaycanın rəssamlıq məktəbinin kiçik bir hissəsi təmsil olunur. Mən çox şadam ki, bizim mədəni əlaqələrimiz də inkişaf edir. Azərbaycanın çox zəngin mədəniyyəti var və biz çox istəyirik ki, Fransa tamaşaçıları bu mədəniyyətlə tanış olsunlar, gələcəkdə belə sərgilərin sayı daha da artsın, insanlarımız bir-birinə daha da yaxın olsunlar. Bu sərginin keçirilməsi bizim xalqlarımızı daha da birləşdirəcəkdir.
Sərginin keçirilməsi münasibətilə bir daha hamınızı təbrik edir və onun təşkilinə görə Fransa Senatına dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olun.
X X X
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Senatın sədri Kristian Ponsöle sərgi ilə tanış oldular, Azərbaycan musiqisini dinlədilər.
Sərgidə Azərbaycanın 20 rəssamının, o cümlədən məşhur fırça ustaları Tahir Salahovun, Toğrul Nərimanbəyovun və başqalarının 70-dən çox əsəri nümayiş etdirilir. Avqustun 28-dən nümayiş etdirilən ekspozisiyaya baxmaq üçün hər gün mindən artıq adam gəlir və rəssamlarımızın əsərləri tamaşaçılarda, eləcə də sənətşünaslarda çox böyük maraq doğurmuşdur.
X X X
Sərgi ilə tanışlıqdan sonra Fransa Senatının sədri Kristian Ponsölenin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar təşkil olundu.
Fransa Senatının sədri və Azərbaycan Prezidenti naharda çıxış etdilər.
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev burada Senatın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.