AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ
ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
Gəncə, 11 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də qədim Gəncə şəhərinə səfərə gəlmişdir.
Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri çərçivəsində Gəncə şəhərində də kompleks tədbirlər görülür. Ölkəmizin böyük sənaye və iqtisadi mərkəzlərindən olan Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin, bu bölgənin həyatına inkişaf, tərəqqi və müasirlik gətirmişdir. Bunun nəticəsidir ki, 2009-cu ildə Gəncədə ümumi daxili məhsul istehsalı 245 milyon manata yaxın olmuşdur. Şəhərdə 1970-i daimi olmaqla 2 min 230 yeni iş yeri açılmışdır. Ümumilikdə, son 6 ildə 17 min 470 iş yeri açılmışdır. 2009-cu ildə şəhər polis idarəsi üçün yeni inzibati bina, daxili qoşunların zabitləri üçün 5 mərtəbəli yaşayış binası istifadəyə verilmiş, şəkər və tikinti materialları istehsalı sahəsi, taxta emalı müəssisəsi yaradılmışdır. Dahi Nizami Gəncəvinin şəhərin mərkəzində ucaldılan abidəsinin ətrafı müasir və milli memarlıq üslubunda yenidən qurulmuşdur. Şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, 100 mindən çox ağac əkilmişdir. İki min ildən çox yaşı olan qədim Gəncə aparılan kompleks tədbirlər hesabına indi qədimliklə müasirliyin qovuşduğu bir məkana çevrilmişdir.
Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gəldi, ulu öndərin abidəsini ziyarət edərək, gül dəstəsi qoydu.
######
![]() |
![]() |

