AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
Azərbaycan hərtərəfli inkişaf edir. Bizim paytaxtımız Bakı şəhəri, digər böyük şəhərlərimiz inkişaf edir, amma məqsədimiz odur ki, rayonlar da - hər bir kənd, hər bir qəsəbə inkişaf etsin. Yeni yollar salınmalı, yeni sənaye obyektləri tikilməli, sahibkarlığa daha da böyük diqqət göstərilməlidir. Əlbəttə ki, bu, Dövlət proqramında öz əksini tapır. Bu gün sahibkarlığın inkişafı da çox sürətlə gedir. Kreditlər ayrılır, “Aqrolizinq”in yaradılması xüsusilə kənd təsərrüfatı ilə məşğul olanların həyat səviyyəsini yaxşılaşdıracaqdır. Fermer təsərrüfatlarının işi daha uğurla gedəcəkdir. Ancaq eyni zamanda, nəzərdə tutulmuş bütün bu proqramlarla, qəbul edilmiş qərarlarla yanaşı, yerlərdə proqramın icrasına diqqət göstərilməlidir.
Proqramda hər şeyi nəzərdə tutmaq mümkün deyil. Tutaq ki, hansısa
bölgədə elə məsələ var ki, o, vaxtında proqrama daxil edilməmişdir. Ancaq onun həlli vacibdir. Yerli icra hakimiyyəti orqanları rayonlarda gedən proseslərə rəhbərlik edirlər, vəziyyətlə tanışdırlar, bütün məsələləri bilirlər. Ona görə mən istəyirəm ki, biz bu gün bu məsələləri müzakirə edək.
Bütövlükdə, iqtisadiyyatımız inkişafdadır. Gələn ilin büdcəsi bu ilin büdcəsinə nisbətən, haradasa 70 faiz çox olacaqdır. Bu, bizim üçün yeni imkanlar yaradacaqdır. Həm əmək haqları, pensiyalar, sosial müavinətlər artacaq, eyni zamanda, kapital qoyuluşuna ayrılan vəsait artacaqdır. O cümlədən Azərbaycanın müxtəlif rayonlarının abadlaşdırılması üçün əlavə vəsait ayrılacaqdır.
Bu zona müşavirələri çox səmərəli bir iş formatıdır. Bunun əsasını 1970-ci illərdə ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Bilirsiniz ki, o, Azərbaycanın rayonlarında dəfələrlə olarkən, həm vəziyyətlə tanış olurdu, eyni zamanda səfərlərin sonunda zona müşavirələri keçirirdi. O illərdə belə müşavirələr əsasən kənd təsərrüfatının inkişafı ilə bağlı - üzümçülük, pambıqçılıq, digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə, abadlıq-quruculuq işləri ilə bağlı keçirilirdi və onun səmərəsini də Azərbaycan xalqı çox yaxşı görürdü. Bu ənənə bu gün də yaşayır və öz səmərəsini verir. Mən müxtəlif vaxtlarda ayrı-ayrı bölgələrdə olarkən bu cür müşavirələr keçirirəm. Sonra Sərəncam qəbul edilir və orada konkret məsələlər öz əksini tapır. Əlavə vəsait ayrılır, harada hansısa əlavə vəsaitə ehtiyac varsa, biz bunu təmin edirik. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır. Yenə deyirəm, büdcəmiz kəskin şəkildə artıbdır və artacaqdır. Neft Fondunda külli miqdarda vəsait toplanıbdır. Əlbəttə, bu vəsait Azərbaycan xalqının rifah halının yaxşılaşmasına və müasir infrastrukturun yaradılmasına yönəldilməlidir. Yollar, elektrik stansiyaları, qaz xətləri, su xətləri, digər kommunikasiyalar, xəstəxanalar, məktəblər, sosial obyektlər – bunlar hamısı yaranmalıdır.
Bu gün Azərbaycanda fəaliyyətdə olan obyektlərin tam əksəriyyəti 1970-1980-ci illərin əvvəllərində tikilmişdir. Onların bir çoxu köhnəlib, artıq yararsız vəziyyətə düşübdür. Biz gərək öz ölkəmizi yeniləşdirək. Buna imkanımız var, iradəmiz, siyasətimiz və proqramımız var. Ona görə mən istəyirəm ki, biz bu gün rayonlarda gedən işləri müzakirə edək və mövcud olan problemləri dinləyək, onların həlli yollarını müəyyən edək.
İndi isə sözü Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı Əşrəf Məmmədova verirəm.
Gərgin işinə baxmayaraq, vaxt tapıb Sabirabad camaatı ilə görüşdüyünə, ölkəmizdə apardığı nəhəng işlərə görə Prezidentə təşəkkürünü bildirən ƏŞRƏF MƏMMƏDOV dedi ki, ulu öndər Heydər Əliyevin 1970-ci illərdə qoyduğu ənənə müvəffəqiyyətlə davam edir. Ona olan məhəbbət bu gün Sizə göstərilir.
O, rayona icra hakimiyyətinin başçısı təyin edildikdən sonra kəndlərdə, məhəllələrdə, məktəblərdə, xəstəxanalarda, məscidlərdə adamlarla görüşdüyünü və əsas diqqətin Prezidentin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsinin sürətləndirilməsi tədbirlərinə yönəldildiyini bildirdi. İcra hakimiyyətinin başçısı dedi ki, əsasən elektrik enerjisi ilə təminat, kanal və kollektor şəbəkəsinin təmizlənməsi və genişləndirilməsi, tibbi yardım, gənclərin sağlam böyüməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı problemlər mövcud idi. Prezidentin Sabirabad rayonuna göstərdiyi böyük qayğı, diqqət nəticəsində bu məsələlər əsasən həll edilmişdir, yaxud da həlli istiqamətində ciddi iş aparılır. Kəndlərdə 2,5 meqavat gücündə yeni yardımçı stansiyalar qurulmuşdur. Minbaşı kəndində isə 20 meqavat gücündə belə stansiyanın qurulması planlaşdırılmışdır. İndiyədək bütün Sabirabad rayonunda yüksəkgərginlikli elektrik enerjisini qəbul etmək üçün cəmi 120 meqavat gücündə yardımçı stansiyalar var idi.
İLHAM ƏLİYEV: Elektrik enerjisi ilə bağlı problem varmı?
ƏŞRƏF MƏMMƏDOV: Hazırda, demək olar ki, yoxdur.
İLHAM ƏLİYEV: Fasilələr var?
ƏŞRƏF MƏMMƏDOV: Son vaxtlar fasilələr gecə saat 2-dən sonra, cəmi iki saat olur. Ona da fasilə demək olmaz. Ümumiyyətlə, camaatımız elektrik enerjisinin verilməsindən razıdır.
Sizə müraciətdən sonra bizə kanal–kollektorların qazılması üçün Yaponiyadan qrant hesabına alınmış 18 yeni texnika verildi. Məhz bunun nəticəsidir ki, biz keçən il nə qədər kanal təmizləmişdiksə, bu yarım ildə ondan iki dəfə çox təmizlənmişdir. Bu, Sabirabada göstərdiyiniz qayğının sayəsində olmuşdur.
Rayonda qrunt sularının çoxluğundan bir çox xəstəliklərin yayıldığını xatırladan natiq dedi ki, cənab Prezident, xəstələrin hər dəfə Bakıya getməmələri üçün Sizin tapşırığınızla “Muğan” klinikası tikilib istifadəyə verildi. Bu gün təməlini qoyduğunuz Sabirabad Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafına, gənc nəslin sağlam böyüməsinə əlverişli şərait yaratmaqla yanaşı, sabirabadda çay turizminin də inkişafına güclü təkan verəcək, aran rayonlarında infrastrukturun yeniləşməsinə kömək edəcəkdir.
İcra hakimiyyətinin başçısı əhalinin məşğulluğunun təmin edilməsi üçün görülən işlərdən danışarkən dedi ki, 2005-ci ilin 9 ayında rayonda 39 yeni müəssisə yaradılmış, uzun illər dayanmış 7 müəssisənin fəaliyyəti bərpa olunmuşdur. Fiziki şəxs kimi qeydiyyatdan keçən 613 nəfər müxtəlif sahələrdə sahibkarlıq fəaliyyətinə başlamışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti ilə rayonun Axtaçı Muğan kəndində 200 yerlik, Çığırğan kəndində isə 100 yerlik məktəb binaları tikilir.
Pambıq istehsalı rayonda işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Ona görə çiyid səpini 5 min hektar artırılmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən 5 min ton, ümumi yekununa nisbətən isə 2,5 min ton çox pambıq yığılmışdır. Pambıqçılıqda texnikadan, gübrədən çox istifadə olunur. Bunların qiyməti üç dəfəyə yaxın artıbdır. Amma pambığın qiyməti keçənilki səviyyədə qalıb, hətta azalma da vardır. Buna Sizin müdaxilənizə ehtiyac vardır.
İLHAM ƏLİYEV: Bunun səbəbi nədir?
ƏŞRƏF MƏMMƏDOV: Şirkətlərin rəhbərləri ilə, pambıqçılarla görüşüb söhbət etmişik. Sizin köməyinizə ehtiyac duyulur. Çünki camaatın pambıqçılığa meyli artıbdır.
İLHAM ƏLİYEV: Gərək biz bunu tənzimləyək. Əlbəttə, dünyada pambıq dünya qiyməti ilə satılır və bunun qiyməti bəllidir. Amma gübrənin, texnikanın qiymətinin artması gərək bizi çox narahat etsin. Ona görə məşğul olarıq. Yusif müəllim, onu qeyd edin. Məsələni araşdıracağıq.
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, digər məsələlərlə bağlı işlərimiz yaxşı gedir. Fürsətdən istifadə edib, Prezidentin İcra Aparatına və Nazirlər Kabinetinə təşəkkürümü bildirirəm ki, Sizin sərəncamlarınızın, göstərişlərinizin həlli istiqamətində bizə yaxından kömək göstərirlər.
İcazənizlə, bir neçə məsələni xahiş edərdim. Sabirabad şəhərində 30 min əhali yaşayır. Burada qadınların əməyə cəlb olunması üçün istehsal obyekti yoxdur. Bəzi kəndlərdə müəyyən iş yerləri yaradılmışdır. Amma şəhərin özündə iş yeri açmaq lazımdır. Bunun üçün köhnə pambıqtəmizləmə zavodunun nəzdində toxuculuq fabrikinin işə salınmasına böyük ehtiyac vardır. Orada 450-500 qadın işləyə bilər. Sizin təşəbbüsünüz, tapşırığınızla türkiyəli tərəfdaşlarla birlikdə Axtaçı Muğan kəndində işə salınmış zavodda 250 nəfər işləyir və bu yerli qadınların işlə təminatına köməkdir. Nizami kəndində Beynəlxalq Bankın xətti ilə pambıqtəmizləmə məntəqəsi yaradılıbdır. Bu il 2,5 min ton pambıq qəbul olunubdur. Ancaq bu məntəqənin emal zavoduna çevrilməsinə ehtiyac vardır.
Sabirabad şəhərinin içməli su kəməri və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı problem vardır. Mərhum ümummilli liderimizin tapşırığı ilə plan hazırlanıbdır, iş gedir. Burada çirkab suları üzə tez çıxır və problemlər yaradır. Bu məsələnin həllində köməyinizə ehtiyac vardır.
İLHAM ƏLİYEV: Konkret nə etmək lazımdır?
ƏŞRƏF MƏMMƏDOV: Vaxtilə burada ümummilli liderimizin göstərişi ilə su təchizatı yaradılmışdı. Şəhər və 75 kənd təmiz içməli su ilə təmin olunurdu. Həmin sistem SSRİ Dövlət mükafatına layiq görülmüşdü. İndi xətlərin dəyişdirilməsinə, sistemin yenidən qurulmasına böyük ehtiyac vardır.
“Muğan” prospektinin salınmasına başlamışıq, alaqapı tikmişik. Həmin prospekti Heydər Əliyev prospekti ilə birləşdirəcəyik. Olimpiya İdman Kompleksinin qarşısında Olimpiya meydanı salınacaqdır. Bu işlər üçün müəyyən vəsait lazımdır ki, Sabirabadı aran zonasında mədəni şəhərə çevirək.
Cənab Prezident, Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sabirabadın hər bir sakini ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur və Sizə dərin hörmət bəsləyir.
X X X
Dövlətimizin başçısını qədim Muğan torpağında əlibayramlılılar adından səmimi qəlbdən salamlayan Əli Bayramlı Şəhəri İcra Hakimiyyətinin başçısı MƏRDAN CAMALOV çıxışına ulu öndər Heydər Əliyevin bu şəhərdə 3-cü dəfə olarkən, 1998-ci ildə dediyi “Mən keçmişdə də, indi də əlibayramlılıların dəstəyini və qayğısını hiss etmişəm” sözləri ilə başladı. M.Camalov dedi ki, ümummilli liderimizin Əli Bayramlı sakinləri haqqında söylədiyi bu xoş sözlərini böyük qürur və iftixar hissi ilə xatırlayırıq. Fəxr edirik ki, ümummilli liderimizin iqtisadi-siyasi xəttini Sizin rəhbərliyiniz altında uğurla həyata keçiririk. Son beş ay ərzində Əli Bayramlının siması kökündən dəyişmişdir. Ümumi sahəsi 2 hektardan çox olan və Heydər Əliyevin adını daşıyan baş meydanda ulu öndərimizin adına layiq möhtəşəm abidə kompleksi ucaldılmışdır. Həmin ərazidə Heydər Əliyevin muzeyi yaradılmışdır. Ulu öndərin adını daşıyan böyük parkda son tamamlama işləri gedir. Sizi əmin edirik ki, bu abidə kompleksi hər bir əlibayramlılının qürur və and yerinə çevriləcəkdir. Məhz Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Əli Bayramlı çoxprofilli sənaye mərkəzi kimi inkişaf etmişdir. Hazırda ayda orta hesabla 47,5 milyard manatlıq sənaye məhsulu istehsal olunur. Sənaye müəssisələrində 5550-dən çox adam işləyir. Onların orta aylıq əmək haqqı 1,3 milyon manatdır.
İLHAM ƏLİYEV: Necə, orta aylıq əmək haqqı 1,3 milyon manat?
MƏRDAN CAMALOV: Bəli. Burada əsasən “Şirvanoyl” neft şirkəti və digər müəssisələr yerləşir.
Ay ərzində sənaye müəssisələrindən orta hesabla 42 min ton neft, 1,5 milyon kubmetr qaz, 440 milyon kv/saat elektrik enerjisi hasil olunur, 500 ton mahlıc, 410 ton təmizlənmiş yağ, 380 ton pambıq yağı, 275 ton əhəng, 270 ton inşaat kərpici və digər sənaye məhsulları istehsal edilir.
Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq, ölkəmizin hər yerindəki kimi, Əli Bayramlıda da genişmiqyaslı tikinti-abadlıq işləri gedir. Şəhərin ərazisindən keçən magistral avtomobil yolu və daxili yollar tamamilə asfaltlaşdırılmışdır.
Baş Şirvan kollektoru üzərindəki qəza vəziyyətində olan avtomobil körpüsü müasir üslubda əsaslı təmir edilmişdir. Son 5 ayda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Böyük Vətən müharibəsi iştirakçıları üçün 105 mənzilli iki beşmərtəbəli yaşayış binası inşa edilibdir. Bu yaxınlarda orderlər paylanacaqdır. 34 və 8 mənzilli daha iki binada tikinti-quraşdırma işləri aparılır. Şəhərin inzibati tabeliyində olan Hacı Qəhrəmanlı və Bayramlı qəsəbələrinin siması əsaslı şəkildə dəyişir. Təxminən 3 min nəfər əhalisi olan Bayramlı qəsəbəsi 20 ilə yaxın idi ki, mavi qazdan məhrum idi. Əsas problem də 200 metrə yaxın xəttin Kür çayının altından keçirilməsi idi. “Azəriqaz”ın köməyi ilə bu iş görüldü və indi qəsəbə qazla təmin olunur.
İLHAM ƏLİYEV: Qaz yaxşı təzyiqlə verilir?
MƏRDAN CAMALOV: Bəli. Məktəblərə, uşaq bağçalarına da diqqət daim göstərilir. Bu yaxınlarda 640 yerlik orta məktəb istifadəyə verilmişdir. İşsizliyin aradan qaldırılması üçün də tədbirlər həyata keçirilir. Bu yaxınlarda keçirilən əmək yarmarkasında 200 nəfərdən artıq adam daimi və mövsümi işlə təmin edilmişdir. Bütövlükdə isə, son 5 ayda 1112 yeni iş yei açılmışdır.
İcra hakimiyyətinin başçısı bildirdi ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı 2005-ci il 21 iyun tarixli müşavirədə Prezidentin verdiyi tapşırıqların icrası ilə əlaqədar konkret tədbirlər planı hazırlanıb həyata keçirilir. Əli Bayramlıda olan 5000-ə yaxın qaçqın və köçkünün problemləri daim diqqət mərkəzindədir, məskunlaşma və sosial problemlərlə əlaqədar heç bir çətinlik yoxdur.
Şəhərdə görülən bütün işlərin rüblük “Xüsusi bülleten”də öz əksini tapdığını söyləyən M.Camalov bəzi problemlərdən danışdı. Bildirdi ki, su-kanalizasiya sistemi ilə bağlı problemin əsas səbəblərindən biri avadanlığın köhnəlməsidir. Bu avadanlıq 1940-cı illərdə qurulmuşdur. Onda şəhərin əhalisi 30-40 min idi. İndi isə qaçqın-köçkünlərlə birlikdə 80 min nəfərdir. Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasında kömək göstərilməsini xahiş edirik.
Sovet dövründə Bayramlı qəsəbəsində pambıqtəmizləmə zavodu fəaliyyət göstərirdi. Ancaq indi işləmir.
İLHAM ƏLİYEV: İnvestorlar maraq göstərmir?
MƏRDAN CAMALOV: Maraqlanmışam, məndən əvvəlki dövrdə gələn olub, amma nəticəsiz qalıbdır.
İcra hakimiyyətinin başçısı şəhərdə idmanın vəziyyətinə də toxunaraq, gənclərin uğurlarını xatırlatdı. Eyni zamanda bildirdi ki, idman qurğuları tam yararsız vəziyyətdədir. İndi 7 min tamaşaçı yeri olan stadionun və qapalı manejin tikintisinə başlanmışdır və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. İdmanda böyük ənənələri olan Əli Bayramlının bu sahədə də köməyə ehtiyacı vardır.
Cənab Prezident, Sizi əmin edirəm ki, Əli Bayramlı camaatı daxili və xarici siyasətinizi dəstəkləyir və şəhərimizə gəlməyinizi böyük səbirsizliklə gözləyir.
İLHAM ƏLİYEV: Mən əvvəllər bir neçə dəfə Əli Bayramlıda olmuşam. Mütləq yenə gələcək, vəziyyətlə tanış olacağam. Bilirəm ki, çoxlu abadlıq işləri aparırsınız. Bu, vacibdir. Çalışın ki, yeni tikilən binalar, salınan xiyabanlar müasir səviyyədə olsun, yüksək zövqlə yaradılsın. Əli Bayramlı böyük şəhərdir və əlbəttə, şəhərin problemi rayonun problemindən çox kəskin şəkildə fərqlənir. Burada yeni iş yerlərinin açılması çox ciddi problemdir.
Elektrik stansiyasının vəziyyəti necədir?
MƏRDAN CAMALOV: Cənab Prezident, elektrik stansiyasında 7 blokdan 5-i işləyir. Mən 1973-cü ildə bu stansiyada tornaçı işləmişəm. İndi böyük geriləmə var. Orada 1100-dən çox insan çalışır. Onlarla və “Azərenerji”nin rəhbərləri ilə söhbət etdik. İndi işdə xeyli dönüş yaranmışdır.
İLHAM ƏLİYEV: Orada nə qədər adam işləyir?
MƏRDAN CAMALOV: 1167 nəfər.
İLHAM ƏLİYEV: O stansiya da köhnəlibdir. Biz indi yeni stansiyalar tikirik. Əli Bayramlı elektrik stansiyasının yenidən qurulması layihəsi artıq müzakirə olunur. Orada çox güclü stansiya tikməliyik.
MƏRDAN CAMALOV: Cənab Prezident, xatırladım ki, Əli Bayramlıda sutkada 24 saat daim işıq var.
İLHAM ƏLİYEV: Problem yoxdur?
MƏRDAN CAMALOV: Heç bir problem yoxdur.
İLHAM ƏLİYEV: Evlərdə də, müəssisələrdə də?
MƏRDAN CAMALOV: Heç birində. Qaz problemi də yoxdur. Vaxtın azlığından izahat verə bilmədim. Biz mədənlərdən çıxan qazdan istifadə edirik. Bu yaxınlarda 1 nömrəli mədəndən çıxan qazı şəhərin köhnə hissəsinə vermişik.
İLHAM ƏLİYEV: Əvvəllər havaya buraxılırdı?
MƏRDAN CAMALOV: Ya bağlanırdı, yaxud da açıq şəkildə havaya buraxılırdı.
İLHAM ƏLİYEV: İndi onu şəhər şəbəkəsinə verirsiniz?
MƏRDAN CAMALOV: Bəli, “Azəriqaz”ın köməyi ilə şəhərə yönəltmişik. Bu da əhalinin çox böyük razılığına səbəb olmuşdur.
İLHAM ƏLİYEV: Bu, səmt qazıdır. Onun, demək olar, böyük maya dəyəri yoxdur.
MƏRDAN CAMALOV: Bəli, müqavilələrdə göstərilibdir, təmənnasız verilir.
İLHAM ƏLİYEV: Təmənnasız verməlidirlər. Dənizdə, “Azəri-Çıraq-Günəşli”dən çıxan səmt qazını da Azərbaycana təmənnasız verirlər.
MƏRDAN CAMALOV: Biz yaxın vaxtlarda Mişovdağ yatağından kənd evləri adlanan massivə də qaz verəcəyik.
Sonra çıxış edən Kürdəmir Rayonu İcra Hakimiyyətinin başçısı FƏXRƏDDİN MƏLİKOV Prezident İlham Əliyevə rayon sakinləri adından bir daha minnətdarlığını bildirərək dedi ki, Sizin Kürdəmirə gəlişinizi səbirsizliklə gözləyirdik və bu tarixi gün bizə nəsib oldu.
Kürdəmir camaatı həmişə ulu öndərimizin ideyalarına sadiq olmuşdur. Ümummilli liderimiz 5 dəfə Kürdəmir rayonuna gəlmişdir. Ulu öndərin adını daşıyan Sizin xeyir-duanızla açılışını qeyd etdiyimiz park 1972-ci ildə məhz onun tövsiyəsi ilə salınmış və çox gözəl istirahət zonasına çevrilmişdi. Lakin 1990-cı illərdə park viran qoyulmuşdu. Biz 7 ay ərzində o parkı yenidən qurduq. Rayonda quruculuq-abadlıq işləri genişlənir. Daha 3 park salınmış, 1600 yerlik 77 sinif otağı, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 10 məktəb tikilmişdir.
Elektrik enerjisi təminatı ilə bağlı çox güclü baza yaradılıbdır. 25 meqavatlıq iki transformator istismara verilmişdir. Ümumiyyətlə, rayonun tələbatı 52 meqavatdır, bizim isə 62 meqavatlıq transformatorlarımız vardır. Ona görə də bu sahədə heç bir problem yoxdur. Gecələr 2-3 saatlıq fasiləni nəzərə almasaq, elektrik enerjisi ilə təminat vardır. Şəhər tam təchiz olunmuşdur. 3500 abonent mavi yanacaq alır. İçməli su sarıdan uzun illərdən bəri problem var. 1950-ci illərdə 34 kilometr məsafədən çəkilmiş su xətti baxımsızlıqdan yararsız hala düşüb, şəhərə lazımi miqdarda su gəlib çatmır.
Cənab Prezident, çox sağ olun ki, su təchizatı ilə əlaqədar Sizin tapşırığınızla 8,7 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Onun 2 milyard manatı xərclənibdir. Mümkünsə, qalan vəsaitin ayrılmasını xahiş edirk.
F.Məlikov bildirdi ki, hər həftənin cümə günü kəndlərdə səyyar qəbul təşkil olunur. Çünki elə kəndlər var ki, rayon mərkəzindən 55 kilometr məsafədə yerləşir.
Aparılan təhlillər göstərir ki, şikayətlər azalır, ərizə və şikayətlərin məzmunu da dəyişmişdir. Əsasən sahibkarlıq obyekti üçün yer ayrılması, kredit verilməsi və s. barədə ərizələrlə müraciət edirlər.
2003-cü ilin oktyabrından bəri rayonda 2772 iş yeri açılmışdır. Bunların 1390-nı daimi, 1382-si müvəqqəti iş yerləridir. Rayonda gündə 20-25 ton süd istehsal etmək mümkündür və yağlılığı da yüksəkdir. “Azərsun” Holdinq Şirkətlər Qrupu bununla maraqlanır. Layihə-smeta sənədləri hazırlanıb, 20 hektar yer ayrılıb və təxminən 1000 iş yerinin olacağı gözlənilir.
İcra hakimiyyətinin başçısı problemlərdən danışarkən kanalizasiya sistemindəki çətinlikləri vurğulayaraq, müəyyən qədər vəziyyətdən çıxdıqlarını bildirdi. Ancaq dedi ki, yenə də köməyə ehtiyac vardır.
F.Məlikov xatırlatdı ki, rayonun ərazisində qiymətli xammal olan biyan kökü tədarük etmək mümkündür. 1988-1989-cu illərin statistik rəqəmlərinə görə, əhali bundan ildə 1 milyon dollara yaxın gəlir götürübdür. Sonralar bu iş sistematik xarakter daşımayıb, indi isə ayrı-ayrı şəxslər Ağcabədiyə daşıyıb aparır, çünki orada tədarük olunur. Cənab Prezident, biyan kökünün tədarükü və emalı ilə məşğul olan müəssisənin yaradılması yaxşı olardı.
İLHAM ƏLİYEV: Emal müəssisəsi yaranmalıdır?
FƏXRƏDDİN MƏLİKOV: Bəli. Mən çoxlu sahibkarla, Baş nazirlə də görüşmüşəm. Baş nazir də çox maraqlandı, dedi ki, narahat olma, bu məsələyə baxacağıq. Bu, çox gəlir gətirən bir sahədir.
Rayonumuzda idman sahəsində də uğurlarımız çoxdur. Cənab Prezident, Sizin xeyir-duanızla Kürdəmirdə Olimpiya İdman Kompleksinin inşa olunmasını insanlarımız çox böyük ruh yüksəkliyi ilə qarşıladılar. Şəhər stadionunun bərpası ilə bağlı da xahişimiz var. 7 hektarlıq gözəl bir ərazidədir. Mümkün olsa, onun bərpasına kömək edərdiniz.
Elə kənd yollarımız var ki, qışda hətta yük maşınları ilə də getmək qeyri-mümkündür. Yolların abadlaşdırılmasına büdcədə ayrılan 280 milyon manat vəsaitin 50 milyon manatı kənd yolları üçün nəzərdə tutulmuşdur. Lakin bu, çox azdır.
İLHAM ƏLİYEV: Təxminən nə qədər lazımdır ki, biz bütün kənd yollarını abadlaşdıraq. Belə bir təxmini məlumat var?
FƏXRƏDDİN MƏLİKOV: Cənab Prezident, onu tam dəqiq bilmirik, amma elə düşünürəm ki, təxminən 500 milyon manat lazımdır. İnandırım Sizi ki, indi Kürdəmirdə əhalinin şikayətləri çox deyildir. Sadəcə, yol məsələsi qalıbdır.
İLHAM ƏLİYEV: Yəqin ki, başqa rayonlarda da bu problem var. Kənd yollarının olmaması.
FƏXRƏDDİN MƏLİKOV: Bəli.
İLHAM ƏLİYEV: Yaxşı, mən sözümü deyərəm.
FƏXRƏDDİN MƏLİKOV: Cənab Prezident, bu gün rayonda ab-hava çox sağlamdır, insanlar, Kürdəmir camaatı dövlətə, dövlətçiliyə sadiqdir. Parlament seçkilərinə hazırlıq gedir və görüşlərdə də deyilir ki, hər bir kürdəmirli layiqli namizədə səs verəcəkdir.
X X X
Hacıqabul rayon icra hakimiyyətinin başçısı FİRUDİN BABAYEV çıxışında dedi ki, hörmətli cənab Prezident, Sizin respublikamızın müxtəlif bölgələrində keçirdiyiniz müşavirələr regionların sosial-iqtisadi inkişafına, xüsusilə mövcud problemlərin uğurlu həllinə hərtərəfli yol açmışdır. Aran zonasında keçirilən bugünkü müşavirə də bu bölgənin yeni inkişaf mərhələsinə keçəcəyinə böyük təkan verəcəkdir.
Hacıqabul rayonu 1990-cı ildə Sabirabad, Şamaxı, Salyan rayonlarının və Əli Bayramlı şəhərinin tabeliyindəki ucqar yaşayış məntəqələri hesabına yaradılmışdır. Strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi dəmir yolu, tarixi Böyük İpək yolu və ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri rayonumuzun ərazisindən keçir. Rayonun ərazisi 1641 kvadratkilometr, əhalisi 61 min nəfərdir.
Rayonumuz yeni olduğundan burada görülən işlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Buradan keçən və Bakı şəhərini içməli su ilə təmin edən Kür su kəmərini də ulu öndərimiz çəkdirmişdir. Əliyev siyasəti Azərbaycanda uğurla davam etdirilir və ölkəmizin xoşbəxt gələcəyi üçün başlıca şərtdir. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində baş verən hadisələr Azərbaycanı tamamilə uçuruma, məhvə aparırdı. Yalnız xalqımızın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyət normallaşdı və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyev siyasəti həm ölkə daxilində inkişafa təkan verdi, həm də Azərbaycanı dünyaya tanıtdı.
Sizin təsdiqlədiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Hacıqabul rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi əsasən təmin edilmişdir. Rayonda taxıl, tərəvəz-bostan məhsulları və pambıq istehsalı ötən illərlə müqayisədə xeyli artmışdır.
Dövlət proqramına əsasən 2004-2008-ci illərdə rayonda 3269 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
2004-cü ildə 650, 2005-ci ilin birinci yarısında 337 iş yeri açılmışdır. Quşçuluq səhmdar cəmiyyətində sutkada 240 ton yem istehsal edən zavod və yeni kəsim sexi istifadəyə verilmişdir. Quba şəhərində fəaliyyət göstərən “SAF” şirkətinin rayonun Navahı kəndində meyvə-tərəvəz məhsulları emal edən filialı tikilmiş, toxuculuq fabrikində 23 yeni əyirici dəzgah quraşdırılmışdır. Yeni Yol istismar sahəsi, Kür rayonlararası tingçilik müəssisəsi açılmış, Hacıqabul Balıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Fəaliyyəti dayanmış asfalt zavodu təmir edilərək işə salınmışdır.
İcra hakimiyyətinin başçısı daha sonra dedi ki, Hacıqabul şəhərinin abadlaşdırılması, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də xeyli iş görülmüşdür. Ümummilli lider Heydər Əliyevin adını daşıyan park salınmış, orada ulu öndərimizin büstü qoyulmuşdur.
Əhalinin qaz təminatını yaxşılaşdırmaq üçün daxili imkanlar hesabına 1651 metr, su təminatını yaxşılaşdırmaq üçün isə 1835 metr yeni xətlər çəkilmişdir.
Yeni dərs ilinə hazırlıqla əlaqədar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonun Udullu və Qubalı kəndlərində 240 və 100 yerlik iki məktəb binası tikilmiş, sinif otaqları lazımi avadanlıqla təmin edilmişdir. Fürsətdən istifadə edərək, bu qayğıya görə Sizə və Heydər Əliyev Fondunun rəhbərliyinə Hacıqabul rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Son iki ildə dövlət vəsaiti hesabına rayonun Şorbaçı kəndində əlavə 6 sinif otağı, Qarasu kəndində isə əlavə 5 sinif otağı tikilib istifadəyə verilmişdir. Rayon ərazisində ölkə əhəmiyyətli tarixi abidə - orta əsrlərə aid Pir Hüseyn türbəsinin də daxil olduğu Pirsaatçay xanəgahı vardır. Abidədə qəza vəziyyətinin yaranmasını nəzərə alaraq, rayon icra hakimiyyəti 2003-cü ildə Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırmışdır. Mədəniyyət Nazirliyi 2004-cü ildən rayon icra hakimiyyəti ilə birlikdə bu möhtəşəm tarixi abidənin bərpasına başlamışdır və hazırda iş davam edir.
F.Babayev problemlərdən də danışaraq dedi ki, xəstəxanamız 1950-ci illərdə tikilmiş binada yerləşir. Hələ 1998-ci ildə binanın tikilməsi planlaşdırılmışdır. Bizdə xəstəxana yox səviyyəsindədir.
İLHAM ƏLİYEV: Bəs, insanlar harada müalicə olunurlar?
FİRUDİN BABAYEV: O köhnə binanı çox yaxşı təmir eləmişik, amma xəstələri lazımi səviyyədə qəbul edib tibbi yardım göstərmək mümkün deyildir. Hacıqabul rayonunun ərazisi çox böyükdür və magistral avtomobil yolunun 87 kilometri buradan keçir. Ona görə də ağır avtomobil qəzaları olanda yaralıları Əli Bayramlıya, yaxud da Bakıya aparırlar. Xəstəxananın 1998-ci ildən başlanan tikintisi indiyə kimi yarımçıq qalıbdır. Bu il də vəsait ayrılıb, amma indiyədək bir manatlıq da tikinti işləri görülməyibdir.
İLHAM ƏLİYEV: Məşğul olarıq.
FİRUDİN BABAYEV: Kanalizasiya ilə bağlı bizdə də problem var.
İLHAM ƏLİYEV: Sizdə də eyni problem var.
FİRUDİN BABAYEV: Bu rayon sonradan yarandığına görə, həmişə diqqətdən kənarda qalıbdır.
İLHAM ƏLİYEV: Təzə rayon olduğuna görə.
FİRUDİN BABAYEV: Bəli. Rayon yaranandan sonra, üzr istəyirəm, “papaqaldıqaç” olub, cəbhəçilər baxmayıblar.
İLHAM ƏLİYEV: Rayon neçənci ildə yaranıbdır?
FİRUDİN BABAYEV: 1990-cı il aprelin 21-də yaranıbdır.
İLHAM ƏLİYEV: Hansı rayonların ərazisi hesabına yaratdılar?
FİRUDİN BABAYEV: Sabirabad, Şamaxı, Salyan rayonları və Əli Bayramlı şəhəri.
İLHAM ƏLİYEV: Bu rayonun yaradılmasının səbəbi nə idi?
FİRUDİN BABAYEV: Bu ərazilər rayon mərkəzlərindən çox uzaq idi. Məsələn, Padar kəndindən Sabirabada təxminən 90-95 kilometrdir.
YUSİF HÜMBƏTOV (Prezidentin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri): Cənab Prezident, Ayaz Mütəllibovun vaxtında icra hakimiyyəti başçılarının sayını artırmaq, bir neçə nəfərə vəzifə vermək məqsədi ilə.
FİRUDİN BABAYEV: Cənab Prezident, bir xahişim də var. Pirsaatçay Hacıqabulun içərisindən Navahı kəndinə keçib dənizə tökülür. El arasında ona “Birsaatçay” deyirlər. Yəni, sel gələndən-gələnə su olur. 1963-cü ildə bu çayın 17 milyon kubmetr su tutumu olub. Hazırda lilləndiyindən su tutumu 1 milyon kubmetrdir. Vaxtilə 12 min hektar ərazini suvarırdı, indi 1500 hektar sahəni suvarır. Bu sahədə işlərin görülməsinə də ehtiyac duyulur.
İLHAM ƏLİYEV: İşıqla bağlı problem var?
FİRUDİN BABAYEV: Problem yoxdur. Qazla problemi də yoxdur. Suyu isə Bakı kəmərindən götürürük.
İLHAM ƏLİYEV: İçməli su da gəlir.
FİRUDİN BABAYEV: Bəli, içməli su var.
X X X
Sonra çıxış edən Saatlı Rayonu İcra Hakimiyyəti başçısının müavini ƏLİHÜSEYN HÜSEYNOV dedi:
- Möhtərəm cənab Prezident! Sizi, ümummilli liderimiz Heydər Əliyev xəttinin layiqli davamçısını, çağdaş dünyamızın böyük dövlət və siyasi xadimini, xalqımızın vətənpərvər oğlunu ürəkdən salamlayır, Sizə rayonumuzun hər bir sakininin ən səmimi və xoş arzularını çatdırmaqdan qürur duyuram.
Respublikanın sosial-iqtisadi, mədəni-siyasi həyatında qazanılmış uğurlar böyük öndərimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, onun qətiyyətli tədbirləri və dövlətçilik məharəti sayəsində əldə olunmuşdur. Tarix və zaman şahiddir ki, memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan Azərbaycan Respublikası Sizin həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü tədbirlər sayəsində daha da möhkəmlənir və qüdrətli bir dövlətə çevrilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf proqramı Sizin tərəfinizdən uğurla davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbulundan ötən dövr ərzində rayonda “Şəki-İpək” ASC-nin pambıqçılıq idarəsi, Seyidoba və Sarıcalar süd emalı müəssisəsi, Şirinbəy kəndində və Saatlı şəhərində qarışıq yem istehsal edən müəssisə, Varxankənddə “Bərəkət” MMC-nin xidmət servisi, Sarıcalar kəndində Belarus-Azərbaycan birgə müəssisəsinin Belaz “Aqrotexservis” müəssisəsi, üzlük plitə istehsal edən sexlər, inkubator sexləri və istirahət mərkəzləri istifadəyə verilmiş, 1200 nəfərdən çox rayon sakini daimi iş yeri ilə təmin olunmuşdur.
Ötən il Saatlı rayonu respublikada ən çox pambıq istehsal edən rayon olmuşdur. Sahibkarlar və fermerlər 11105 hektar sahənin hər hektarından 24,5 sentner məhsul götürərək, tədarük məntəqələrinə 35350 ton pambıq satmışlar. Bu, respublikada istehsal olunan pambığın 26 faizinə bərabərdir.
Təkcə pambıqçılıqdan 55 milyard manat gəlir götürülmüşdür. Bu il rayonumuzda 17824 hektar sahədə çiyid səpilmiş, indiyədək tədarük məntəqələrinə 24 min tona yaxın pambıq satılmışdır. Bu, eyni zamanda, 23 min əhalinin 8 ay mövsümi işlə təmin olunması deməkdir.
Taxılçılıq sahəsində də nəticələr ürəkaçandır. Bu il rayonda 14214 hektar sahədə taxıl əkilmiş, hər hektardan 41,2 sentner, bütünlükdə isə 58631 ton məhsul yığılmışdır. Hektarın məhsuldarlığına görə Saatlı respublikada birinci yerdədir.
Aqrar islahatdan sonra heyvandarlıq sahəsində xeyli irəliləyiş olmuşdur. 1996-cı ildə 35653 baş qaramal olduğu halda, 2005-ci ildə 54754 başa, davarların sayı isə 39879 başdan 75820 başa çatmışdır.
Təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə də işlər görülmüşdür. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına uyğun olaraq, rayonun Əhmədbəyli kəndində 200 yerlik yeni məktəb binasının inşasına başlanmışdır. Dövlət vəsaiti, daxili imkanlar və yerli ehtiyatlar hesabına rayonun Xanlarkənd, Soltanabad, Dəlilər, Mollavazlı, Şirinbəy və Heydərabad kəndlərində müasir tələblərə cavab verən 6 məktəb binası tikilib istifadəyə verilmiş, bir neçə məktəbdə əlavə sinif otaqları inşa edilmişdir. Əksər təhsil müəssisələri əsaslı təmir olunmuş, müasir tədris avadanlığı ilə təchiz edilmişdir. Mərkəzi rayon xəstəxanasında doğum, cərrahiyyə və uşaq şöbəsi əsaslı təmir olunmuş, su və kanalizasiya sistemi yenidən qurulmuşdur.
Rayonda geniş abadlıq və quruculuq işləri gedir. Rayon sakinlərinin istək və arzusu ilə şəhərin ən böyük meydanına ulu öndərimizin adı verilmiş, burada onun tuncdan büstü ucaldılmışdır. “Gənclik” və “Muğan” parklarında əl oyunları meydançası və yeni tipli ikimərtəbəli idman mərkəzi gənclərin istifadəsinə verilmişdir.
Rayonun yaxın kəndlərindən Sarıcalar, Qara Nuru, Mollavazlı və Ağarəhimli kəndlərinə mavi qaz vermək üçün təmir işləri başa çatdırılmışdır.
Cənab Prezident, saatlılılar Sizin rəhbərliyiniz altında Azərbaycanın xoşbəxt gələcəyinin və xalqımızın firavan həyatının təmin ediləcəyinə möhkəm əmindirlər. Sağ olun.
İLHAM ƏLİYEV: Sizin rayonda problem yoxdur.
ƏLİHÜSEYN HÜSEYNOV: Cənab Prezident, rayonumuzdakı problemlə bağlı təkliflər var, Sizə verəcəyik. Əsas problemimiz odur ki, rayonda 32 min Məhsəti türkü yaşayır. Çadır şəhərciyinə gedən yol yaxşı deyil.
İLHAM ƏLİYEV: Deməli, sizin rayonda çadır şəhərciyi də yerləşir.
ƏLİHÜSEYN HÜSEYNOV: Bəli, əvvəllər var idi. İndi həmin yerlərə gedən yola asfalt döşənsə, daha yaxşı olar. Bizdə də kanalizasiya sistemi yoxdur. Elektrik enerjisinə gəldikdə, keçən il yardımçı stansiya istifadəyə vermişik ki, bu da rayonun təminatına qismən kömək edir. Yay aylarında fasilələr olmur. Qışda hamıdakı kimi, bizdə də problem olur.
Vaxtilə Azərbaycan 1 milyon ton pambıq istehsal edirdi, indi isə 135 min tondur. Hamı deyir zavodlar işləmir, amma zavod xammalla işləyir. Xammalı artırmalıyıq ki, zavodu tam gücü ilə işə sala bilək. Əhalini pambıqçılığa daha çox cəlb edə bilsək, pambığın məhsuldarlığını artırsaq, yaxşı olar. Bir hektardan 15 yox, 35 sentner məhsul götürmək mümkündür.
İLHAM ƏLİYEV: İndi kolxoz, sovxoz yoxdur. Fermer təsərrüfatıdır və bir də özəl fəaliyyətdir. Ona görə gərək siz yerlərdə çalışasınız, şərait yaradasınız, kömək edəsiniz ki, daha da çox məhsul yığsınlar. Yaxşı bilirsiniz ki, 1970-ci illərdə pambıq yığımını tez qurtarırdılar. İndi yığım uzanır. Yağışlar da yağacaq, qurtardı getdi.
Dinamika necədir, məsələn, keçən il, ondan əvvəlki il necə olubdur?
ƏLİHÜSEYN HÜSEYNOV: Əvvəlki illərə nisbətən 7-8 min ton artım var. İşləsək, yenə də artıra bilərik.
İLHAM ƏLİYEV: Yəni artım var.
X X X
Prezident İlham Əliyev müşavirəyə yekun vurdu.