AZƏRBAYCAN PREZİDENTİ, YENİ AZƏRBAYCAN PARTİYASI SƏDRİNİN BİRİNCİ MÜAVİNİ İLHAM ƏLİYEVİN NİTQİ
Əziz dostlar!
Prezident seçkilərindən sonra bu, ilk görüşümüzdür. Mən çox şadam ki, bu gün hamımız birlikdəyik.
Bu seçkilər bizim hamımız üçün böyük bir sınaq idi. Çünki seçkilər elə bir şəraitdə keçirilirdi ki, xalqımızın ümummilli liderinin səhhəti lazımi səviyyədə deyildi. Bizim hamımızın arzusu ondan ibarət idi ki, bu seçkilərdə Prezident Heydər Əliyev iştirak eləsin və heç kəsdə şübhə yox idi ki, o, seçkilərdə qalib gələcəkdir. Çünki onun son on il ərzində apardığı siyasət Azərbaycana böyük uğurlar gətirmiş, Azərbaycanı böhrandan çıxarmış, Azərbaycanı müasirləşdirmiş, Azərbaycanda demokratiyanın, ölkə iqtisadiyyatının inkişafını təmin etmişdi. Demək olar ki, Azərbaycan regionun mərkəzinə çevrildi. Azərbaycan xalqı bütün bunları çox yaxşı dərk edirdi. Ona görə heç kimdə şübhə yox idi ki, Prezident Heydər Əliyev növbəti dəfə bu vəzifəyə seçiləcəkdir. Amma onun səhhəti buna imkan vermədi. Belə olan halda partiyanın tövsiyəsi, Azərbaycan xalqının dəstəyi ilə seçkilərdə mən iştirak etdim.
Deyə bilərəm ki, seçki kampaniyası çox gərgin və çox səmərəli keçdi. Hər bir namizəd üçün eyni imkanlar yaradılmışdı. Hər bir namizəd azad, demokratik şəkildə, bütün kütləvi informasiya vasitələrindən eyni səviyyədə istifadə edərək, öz proqramı haqqında xalqa müraciət etdi. O cümlədən də mən. Çox şadam ki, bizim partiyamızın fəalları bu seçkilərdə çox yaxından iştirak etdilər. Təbliğat kampaniyasında çox fəal iştirak edirdilər, yerlərdə partiya tərəfindən təşkil olunmuş tədbirlərdə çox güclü təbliğat aparılmışdı. Əlbəttə, bu təbliğatın aparılması partiyanın namizədinə əlavə səslər gətirdi. Bu fürsətdən istifadə edib bütün partiya üzvlərinə, seçkilərdə fəal iştirak etmiş şəxslərə öz minnətdarlığımı bildirirəm.
Seçkilərdən sonrakı dövr də Azərbaycan üçün çətin bir dövrə çevrildi. Xalq öz liderini itirdi. Bu, hamımız üçün çox böyük sınaq, çox böyük faciə idi. İlk növbədə, yəqin ki, mənim üçün. Çünki Heydər Əliyev mənim atamdır. Düzdür, o, xalqın atasıdır. Amma bizim ailə üçün bu, çox böyük zərbə idi. Hesab edirəm ki, biz hamımız bu böyük sınaqdan şərəflə çıxdıq. Bizim hamımızı birləşdirən o idi ki, gərək Heydər Əliyev işini davam etdirək, onun ruhu rahat olmalıdır.
Mən çox şadam ki, xalqın dəstəyi ilə bir neçə ay ərzində ölkədə aparılan siyasət Azərbaycan xalqının mənafelərinə xidmət edib, əhali tərəfindən dəstəklənir. Bu siyasət Heydər Əliyev siyasətinin məntiqi nəticəsi və davamıdır. Başqa cür ola da bilməz.
Mən öz seçkiqabağı çıxışlarımda da dəfələrlə demişdim ki, bu siyasətə sadiq olacağam. Təkcə ona görə yox ki, Heydər Əliyev bizim partiyamızın sədridir, ölkə Prezidentidir, yaxud mənim atamdır. Ona görə ki, bir vətəndaş kimi, bir siyasətçi kimi mən açıq-aydın görürəm ki, Azərbaycanda bu siyasətə alternativ yoxdur. Əgər biz istəyiriksə ki, Azərbaycan xalqı rahat, xoşbəxt yaşasın, bu siyasət mütləq və mütləq davam etdirilməlidir.
Məncə, Azərbaycanda artıq bunu başa düşməyən adam qalmayıbdır. Xüsusilə, seçkilərdən dərhal sonra müxalifət tərəfindən törədilmiş o kütləvi iğtişaşlar Azərbaycan xalqına bir daha göstərdi ki, bu siyasətə alternativ yoxdur. Əgər bu siyasət aparılmasa, əgər o qüvvələr hakimiyyətə gəlsələr, Azərbaycanı yeni fəlakətlər, yeni bəlalar gözləyə bilər. Azərbaycan xalqına bunun heç biri lazım deyildir. Bizə lazımdır ki, ölkə inkişaf etsin, iqtisadiyyatımız inkişaf etsin, sosial problemlər öz həllini tapsın və Azərbaycan dünya birliyində yerini daha da möhkəm tuta bilsin. Ötən aylar ərzində bütün bu istiqamətlərdə siyasət aparılıbdır.
Deyə bilərəm ki, bizim siyasətimiz beynəlxalq aləmdə dəstəklənir. Azərbaycanın haqq səsi eşidilir. Mən keçirdiyim bütün ikitərəfli görüşlərdə, beynəlxalq tədbirlərdə apardığım danışıqlar əsasında bir daha əmin oldum ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın tutduğu mövqe dəstəklənir. Bu mövqe Heydər Əliyevin mövqeyidir və yeganə düzgün bir mövqedir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr torpaqlarımızdan çıxmalıdır. Çox şadam ki, keçirdiyim bütün ikitərəfli görüşlərdə, bütün rəsmi səfərlərdə, dövlət başçıları ilə apardığım söhbətlərdə bu mövqe dəstəklənir. Çünki bu, məntiqə, beynəlxalq hüquq normalarına əsaslanır.
Bizim ən çətin problemimiz həmişə bu olub ki, məsələnin həlli ilə məşğul olan və digər beynəlxalq təşkilatlar, ictimaiyyət bəzi hallarda buna ikili standartlarla yanaşır. Bizim də əsas məqsədimiz odur ki, bu ikili standartlar siyasətinə son qoyaq. Əlbəttə, bunu etmək üçün bizim diplomatiyamız çox güclü işləməlidir. Azərbaycan bütün tədbirlərdə, bütün beynəlxalq təşkilatlarda öz sözünü deməlidir. Artıq bu proses gedir və çox səmərəli nəticələr verə bilər.
Avropa Şurası artıq bu məsələ ilə bilavasitə məşğul olur. Onun məruzəçisi bu məsələlər ilə məşğul olur. Baxmayaraq ki, Ermənistan tərəfi Avropa Şurasında buna çox böyük müqavimət göstərir.
Bu məsələyə Avropa İttifaqı da böyük diqqət göstərir. Mənim Avropa İttifaqının rəsmi şəxsləri ilə keçirdiyim görüşlərdə hiss olunur ki, artıq onlar da bu məsələ ilə bağlı düzgün mövqedədirlər. Burada ATƏT Parlament Assambleyasının və Avropa İttifaqının nümayəndələri Qoran Lenmarker, Heyke Talvitye və digər rəsmi şəxslər ilə keçirdiyim görüşlərdə məhz bu məsələ ətrafında söhbət gedibdir. Artıq Avropa İttifaqında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz ədalətli, beynəlxalq normalara əsaslanmış formada müzakirə olunur.
Bizim bu məsələdə mövqeyimizi bəzən sərt mövqe kimi qələmə verirlər. Bu, ola bilər. Amma bu, ədalətli mövqedir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı da heç kimə verən deyilik. Mən bunu Cenevrədə keçirilmiş görüşdə Ermənistan prezidentinə də dedim, Minsk qrupunun həmsədrlərinə və digər şəxslərə də dedim.
Azərbaycanın qarşısında duran digər məsələlərdən biri ölkəmizi bundan sonra da iqtisadi cəhətdən inkişaf etdirməkdən ibarətdir. Son on il ərzində Heydər Əliyev siyasətinin mühüm istiqaməti bundan ibarət idi ki, ölkə iqtisadiyyatı inkişaf etsin. Bu gün Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə çox dinamik surətdə inkişaf edir. Bütün iqtisadi göstəricilərə görə - ümumi daxili məhsulun artımı - inflyasiyanın səviyyəsi, əhalinin pul gəlirləri, adambaşına düşən xarici sərmayənin həcmi – ölkəmiz MDB məkanında liderlər sırasındadır. Bu ənənə davam edir.
Bizim məqsədimiz növbəti 5 il ərzində ümumi daxili məhsulu iki dəfə artırmaqdır. Bunun üçün imkanlar, potensial var, proqramlar var və mən əminəm ki, biz buna nail olacağıq. Yeni iş yerlərinin açılması həm sosial problemlərin aradan qaldırılmasına xidmət edəcəkdir, eyni zamanda, ölkəmizin iqtisadi inkişafı üçün də mühüm bir amildir. Düzdür, bəzən hesab edirlər ki, 600 min iş yerinin açılması qeyri-mümkündür və bu rəqəm real deyildir. Mən elə düşünmürəm. Bəli, bu, böyük rəqəmdir. Amma hesab edirəm ki, biz qarşımıza ancaq böyük məqsədlər qoyanda uğura nail ola bilərik.
Bizim vəzifəmiz bu siyasəti davam etdirməkdir. Əlbəttə, həyat yerində durmur, qarşımıza yeni tələblər çıxır. Amma prinsipial istiqamət, ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu, Heydər Əliyev fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır, biz hamımız ona sadiqik.
Partiyamız bu illər ərzində güclənibdir. Burada səslənən rəqəmlər aydın şəkildə göstərir ki, Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyildir. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim içimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır.
Partiyamız formalaşıb, yerlərdə möhkəmlənibdir. Partiyanın mövqeyindən çox şey asılıdır. Mən çox şadam ki, partiyamız ictimai-siyasi həyatda çox fəal rol oynayır. Əlbəttə, partiyanın nümayəndəsi hakimiyyətdədirsə, bu, o deməkdir ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir. Bəzi ölkələrdə belə hallarda hansısa bir arxayınçılıq hissi yaranır. Mən çox şadam ki, bu, bizim partiyamıza xas deyildir. Partiyamız ölkəmizdə gedən bütün proseslərdə çox fəal iştirak edir.
Mən əminəm ki, partiyamızın fəalları qarşımızda duran məsələlərin həllində, qəbul edilmiş regional və sosial inkişaf Proqramlarının yerlərdə həyata keçirilməsində iştirak edəcəklər. İstərdim ki, bu Proqramların həyata keçirilməsi istiqamətində partiyamız, partiyanın fəalları yerli icra orqanları ilə sıx əlaqədə işləsinlər. Bu, həmişə belə olub, biz həmişə buna çalışmışıq. Amma mən hesab edirəm ki, indiki mərhələdə biz bunu bir daha təsdiq etməliyik. Hamı görməlidir ki, Heydər Əliyev cismən bizimlə olmasa da, onun ideyaları yaşayır, partiyaya olan münasibəti davam edir. Partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Partiya həmişə mənə dəstək olub və son seçkilər bunu bir daha göstərdi.
Baxmayaraq ki, partiyanın lideri seçkilərə artıq bir neçə ay qalmış ölkədə yox idi, müalicədə idi, onun yaratdığı sistem, yaratdığı partiya işləyirdi, qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirirdi və yerinə yetirdi. Ona görə əminəm ki, bu ənənə gələcəkdə daha da güclənəcəkdir. Seçkilərdən sonra özünü bizə rəqib qismində təqdim etməyə çalışan qüvvələr, demək olar, növbəti dəfə iflasa uğradılar. Əslində, burada təəccüblü heç bir şey yoxdur. Biz hamımız bunu gözəl bilirdik. Xalqımız da bilirdi ki, bu qüvvələr Azərbaycana xeyir gətirmək üçün iqtidara gəlməyə can atmırlar, sadəcə olaraq, onların məqsədi hakimiyyətə gəlmək və bundan istifadə edib öz niyyətlərinə çatmaq idi.
Amma onu da hamımız yaxşı bilirik ki, həmin qüvvələr 12 il bundan əvvəl hakimiyyətdə olarkən Azərbaycanı hansı bəlalara sürüklədilər. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Azərbaycan dağılırdı, ölkədə qeyri-qanuni silahlı birləşmələr meydan oxuyurdu. Biz oktyabrın 16-da onun zəif formasını bir daha gördük. Bu, o deməkdir ki, təəssüflər olsun, bu qüvvələr bizim cəmiyyətimizdə az da olsa qalıb və hakimiyyətə gəlmək üçün yenə qanuna zidd üsullardan istifadə etmək niyyətindədir. Amma bizim dövlətimiz güclüdür.
Heydər Əliyevin siyasəti Azərbaycana sadaladığım digər məsələlərlə yanaşı, sabitlik, əmin-amanlıq gətiribdir. Bizim dövlətimiz özünü müdafiə etmək iqtidarındadır. Qanunu pozan, kütləvi iğtişaşlar törədən təşkilatlar, şəxslər layiqli cavabını aldılar və cəmiyyətdən təcrid olundular. Düzdür, indi bundan istifadə etmək istəyir, bizi hansısa qeyri-demokratik üsullarda ittiham etməyə çalışırlar. Amma bu, belə deyildir. Sadəcə olaraq, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qanun-qayda, qanunun aliliyi təmin ediləcəkdir.
Əgər inkişaf etmiş hansısa başqa ölkədə polisə qarşı zorakılıq işlədilirsə, təbii ki, o cinayəti törədən şəxs cəmiyyətdən təcrid olunur. Bu sahədə Azərbaycan da istisna deyildir. Ona görə bu məsələ ilə bağlı xaricdən buraya gəlmiş şəxslərə mən öz qəti mövqeyimi bildirmişdim. Azərbaycan müstəqil dövlətdir, özünü qorumağa qadirdir və biz sabitliyi qorumalıyıq. İmkan verməməliyik ki, sabitlik pozulsun. Çünki əgər sabitlik pozularsa, bizim bütün planlarımız alt-üst ola bilər.
Mən bilirəm, partiyamızın da mövqeyi bundan ibarətdir ki, biz siyasi mübarizədən çəkinmirik. Çünki görürük ki, bizə rəqib olmaq iqtidarında olan heç bir qüvvə yoxdur. Mən əminəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də partiyamızın namizədləri böyük üstünlüklə qələbə qazanacaqlar.
Şübhə etmirəm ki, 2005-ci ildə keçiriləcək parlament seçkilərində də partiyamızın namizədləri uğurla iştirak edəcəklər. Bəlkə də, bunu demək hələ tezdir, amma biz parlament seçkilərinə də hazırlaşmalıyıq və bu, lazımdır. Çünki seçkilər artıq yeni bir sistem əsasında, mojaritar qaydada keçiriləcəkdir. Biz gərək hər bir namizədə diqqətlə baxaq. Partiyamızın namizədlər siyahısı olmalıdır. Biz, bəlkə də, indidən bu barədə fikirləşməliyik ki, partiyanın hansı üzvü öz namizədliyini hansı dairədən verəcəkdir. Mən şübhə etmirəm ki, bizim namizədlərimiz, onların tam əksəriyyəti şəffaf, ədalətli seçkilər nəticəsində qələbə qazanacaqlar.
Prezident seçkiləri haqqında müxalifət tərəfindən qeyri-dəqiq, qeyri-obyektiv fikirlər ortaya atılır. Düzdür, müxalifətin bir hissəsi bu məsələyə ədalətli yanaşdı, yəni həqiqəti bildirdi. Amma digər, barışmaz hissəsi guya bu seçkilərin nəticələrini tanımadı. Bu, onların öz işidir. Bizim üçün əsas meyar odur ki, Azərbaycan xalqı bu seçkilərin nəticələrini tanıdı. Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirdi və Azərbaycanda yaşayan insanların heç birində seçkilərin real nəticələri şübhə doğurmadı.
Seçkilərə qədər keçirilmiş rəy sorğuları, o cümlədən Amerika Respublikaçılar İnstitutunun rəy sorğusu bütün siyasi partiyaların rəhbərlərinə təqdim olunmuşdu. O cümlədən, sizə də, müxalifət partiyalarının nümayəndələrinə də verilmişdi. Orada hələ seçki kampaniyasına başlamamışdan əvvəl göstərilirdi ki, iqtidar nümayəndəsinin reytinqi 65 faiz təşkil edir. Əgər biz seçki kampaniyasının gedişini, partiyamızın uğurlu təbliğat işini nəzərə alsaq və əksinə, müxalifətin vahid namizəd ətrafında birləşə bilməməsini və bir-biri ilə ənənəvi olaraq mübarizə aparmasını nəzərə alsaq, görərik ki, bu faiz seçki kampaniyası müddəti ərzində artıbdır.
Bu da təbii idi. Ona görə seçkilər bizə imkan verir ki, biz, Yeni Azərbaycan Partiyası, hakimiyyət partiyası Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi naminə öz siyasətimizi müstəqil şəkildə aparaq.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş layihələr, o cümlədən energetika, nəqliyyat, kommunikasiya sektorlarındakı layihələr, xüsusən Bakı-Tbilisi-Ceyhan neft kəməri bir neçə ildən sonra Azərbaycana böyük faydalar gətirməyə başlayacaqdır. Təsadüfi deyil ki, biz beynəlxalq konsorsiumun təşəbbüsünü dəstəkləyirik və Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq Heydər Əliyevin adını daşıyır. Çünki o, bu layihənin memarıdır. Əgər onun iradəsi olmasaydı, – mən işin içində olan adam kimi deyirəm,- bu, sadəcə, layihə kimi, əfsanə kimi qalacaqdı.
Bir neçə il bundan əvvəl İstanbulda keçirilən beynəlxalq konfransda da bildirilmişdi ki, Bakı-Tbilisi-Ceyhan, əfsanə deyil, gerçəklikdir. Biz həmişə bilirdik ki, bu, həyata keçiriləcəkdir. Bunu həyata keçirmək üçün Heydər Əliyevin iradəsi müstəsna rol oynadı. İndi digər ölkələr bu layihəyə qoşulmaq istəyirlər. Adlarını çəkmək istəmirəm, Azərbaycanın daxilində və xaricində bəzi xadimlər bu layihəni öz xidməti kimi təqdim etmək istəyirlər. Olsun, biz buna, necə deyərlər, qısqanclıqla yanaşmırıq, təki layihə həyata keçirilsin. Ancaq hamı bilir və bilməlidir ki, bu, Heydər Əliyev diplomatiyasının, onun uğurlu neft strategiyasının nəticəsidir.
Bu layihə ilin sonunda başa çatacaq və Azərbaycanın yeni bir nəqliyyat arteriyası işə düşəcəkdir. Bundan sonra qaz layihəsi gündəlikdədir. Bu məsələ ilə əlaqədar işlər görülür və 2006-cı ilin sonunda Bakıdan Ərzuruma qədər yeni qaz kəmərinin tikintisi nəzərdə tutulur. Bu bizə imkan verəcək ki, qaz potensialımızı da işə salaq və Azərbaycanın təbii qazını Türkiyəyə, ondan sonra Avropa ölkələrinə nəql edə bilək.
Yenə qeyd edirəm, bütün bunlara nail olmaq üçün ictimai-siyasi sabitlik lazımdır. Bu sabitlik var. Əminəm ki, bizim hamımız, partiyamız, Azərbaycan bu sabitliyi qoruyacaqdır.
Mən çox şadam ki, biz bu gün birlikdəyik. Mən sizi əmin etmək istəyirəm ki, bütün məsələlərdə, o cümlədən partiya quruculuğu istiqamətində də Heydər Əliyev siyasətinə sadiq qalacağam. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir.
Mənə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Sağ olun.