Azərbaycan Prezidentinin Qarabağda rəqabətli insan kapitalını formalaşdırmağa yönəlik həlledici gedişi - RƏY
Bakı, 29 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması torpaqlarımızın Ermənistan tərəfindən 30 il davam etmiş işğalının, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin ardınca bölgədə müasir təhsil və innovasiyaları təşviq edən münbit şəraitin formalaşdırılması baxımdan mühüm tarixi hadisədir. Azərbaycan Prezidenti 30 il cinayətkarlıq yuvası olmuş böyük bir ərazidə dünyada artan rəqabətə hazır olan, rəqabətli insan kapitalını formalaşdırmağa yönəlik həlledici gedişi ilə həm də bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərmiş oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
O qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair” Milli Prioritetlər müəyyənləşdirilərkən Prezident İlham Əliyev azad edilmiş ərazilərə əhalinin qayıdışının təmin olunmasını ölkənin yeni inkişaf yolunun ideoloji nüvəsi kimi müəyyən edib. Keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı, dayanıqlı məskunlaşması həm də böyük Zəfərimizin əbədiləşdirilməsi üçün başlıca şərtlərdən biridir. Bu məqsədlə həmin ərazilər dayanıqlı məskunlaşma üçün təhlükəsiz və abad zonaya çevrilməli, müasir prinsiplərə əsaslanan rahat yaşayış mühiti yaradılmalıdır.
Deputat qeyd edib ki, regionların, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq Milli Prioritetlərin vacib elementlərindən biridir. Bu isə öz növbəsində işğaldan azad olunmuş ərazilərimizdə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraiti ilə bərabər, zəruri olan bütün iqtisadi və sosial infrastrukturun yaradılmasını, regionlarda da insan kapitalının müasirləşdirilməsini, inkişaf üçün yalnız iqtisadi artımı deyil, həm də cəmiyyətin bütün üzvlərinin sosial rifahının yaxşılaşdırılmasını özündə ehtiva edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələblərini regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurəti ilə əsaslandıraraq “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Müvafiq Sərəncamda da ifadə olunduğu kimi, ali təhsil müəssisəsinin təsis olunması regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasına xidmət edəcək ki, bu da Qarabağ və Şərqi Zəngəzur sakinlərinin məhz təhsil vasitəsilə ölkədə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasında xüsusi rol almalarına səbəb olacaq.