Məlumat üçün bildiririk ki, Gürcüstan Prezidenti cənab M.Saakaşvilinin EvroNyus kanalına 31 may 2006-cı il tarixində verdiyi müsahibənin telekanalın rəsmi veb saytında yerləşdirilmiş və efirə getmiş rus dilinə tərcümə variantında kobud səhvə yol verilmişdir. Belə ki, müsahibənin getdiyi ingilis dilində müxbir Gürcüstan Prezidentinə aşağıdakı sualla müraciət etmişdir: “De-fakto Abxaziya rəhbərliyi Gürcüstan və Abxaziyaya iki müstəqil dövlət kimi baxılmasını nəzərdə tutan sülh planını təqdim etmişdir və mütəmadi olaraq Tbilisinin “müharibə, assimilyasiya və təcrid” siyasətinə görə üzr istəməyə çağırır. Buna sizin cavabınız nədir?” Bu sualın rus dilində tərcüməsində isə “Abxaziya rəhbərliyi” ifadəsi “Kiyev forumuna sədrlik etmiş Azərbaycan” ifadəsi kimi təqdim olunmuşdur.
Prezidentin Mətbuat Xidməti bu cür kobud səhvi siyasi səhv kimi qiymətləndirir və bildirir ki, uzun illərdir Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ separatçılıq problemindən əziyyət çəkən Azərbaycan Respublikası heç zaman belə bir təkliflə çıxış etməmişdir və bunu yolverilməz sayır.
Yuxarıda göstərilənlərlə əlaqədar Prezidentin Mətbuat Xidməti EvroNyus rəhbərliyinə rəsmi məktubla müraciət edərək, öz etirazını bildirmiş və bununla bağlı kanal tərəfindən rəsmi təkzib verilməsini tələb etmişdir.