Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda bir neçə ölkədən gəlmiş idmançıların iştirakı ilə şahmat turnirinin keçirilməsi Azərbaycanda haqlı narazılıq və hiddətlə qarşılanmışdır. Azərbaycan idman ictimaiyyətinin tələbi əsasında Beynəlxalq Şahmat Federasiyası – FİDE Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərinə nəzarət edən Ermənistan Respublikasına müraciət edərək, belə bir turnirin keçirilməsinin arzuedilməz olduğunu və onun nəticələrinin tanınmayacağını bildirmişdir. Lakin buna baxmayaraq, Ermənistan tərəfi və onun nəzarətində olan marionet qurum – “DQR” təbliğat məqsədi daşıyan növbəti şounun keçirilməsi imkanını əldən buraxmamışdır. FİDE-nin rəsmi xəbərdarlığına rəğmən, işğal edilmiş Azərbaycan ərazilərində belə bir turnirin təşkili Ermənistanın və onun himayədarlıq etdiyi separatçı qüvvələrin beynəlxalq idman ictimaiyyətinə açıq-aydın meydan oxumalarının, idmandan öz çirkin siyasi məqsədləri üçün istifadə etmələrinin bariz nümunəsidir. Təəssüf ki, ayrı-ayrı ölkələri təmsil edən idmançılar da öz siyasi məlumatsızlıqlarından, yaxud başqa səbəblər üzündən separatçıların fitnəsinə uymuşlar. Nə qədər təəccüblü olsa da, Azərbaycanla geniş əlaqələrə malik olan Gürcüstan, Polşa, Rusiya Federasiyası, İran, Latviya, İsveçrə kimi dövlətlərin şahmatçıları öz ölkələrinin bayraqlarının işğal olunmuş Azərbaycan ərazilərində qaldırılmasına razılıq vermiş, özləri də fərqinə varmadan, separatçılarla işbirliyi qurmuş və onların siyasi oyunlarının fiquruna çevrilmişlər. Nəticə etibarilə bu idman tədbiri sülhə, xalqları birləşdirməyə və yaxınlaşdırmağa yox, separatçılara, xalqlar arasında münaqişə və ədavət toxumu yayanlara, işğalçılara xidmət etmişdir. Dağlıq Qarabağa öz idmançılarını göndərən ölkələr bilməlidirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycanın rəsmi razılığı olmadan bu ərazidə keçirilən hər hansı tədbir qeyri-qanunidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, Azərbaycan ərazilərinin 20 faizini indiyə qədər işğal altında saxlayan və minlərlə insana fəlakət gətirən erməni separatçıları ilə işbirliyinin heç kimə, o cümlədən də idmançılara şərəf gətirmədiyini bir daha bəyan edir və FİDE-nin, eyni zamanda, Gürcüstan, Polşa, Rusiya Federasiyası, İran, Latviya və İsveçrənin müvafiq idman qurumlarının diqqətini müvəqqəti işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı idman yarışlarının keçirilməsinin yolverilməzliyinə bir daha cəlb edir.