Azərbaycan Respublikasının Batumidəki baş konsulluğu Xocalı soyqırımına həsr olunmuş tədbir keçirmişdir
Tbilisi, 23 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Batumidəki baş konsulluğunun təşkilatçılığı ilə fevralın 23-də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mərasim keçirilmişdir. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi açan baş konsul Hüseyn Nəcəfov ermənilərin riyakarlığı nəticəsində bir gecədə Azərbaycanın Xocalı şəhərinin darmadağın olunduğunu, yüzlərlə günahsız insanın qətlə yetirildiyini, vəhşi ermənilərin qocaları, qadınları, uşaqları amansız işgəncələrə məruz qoyduğunu diqqətə çatdırmışdır. H.Nəcəfov XX əsrin sonunda baş vermiş ən dəhşətli faciəyə dünyanın hələ də obyektiv qiymət vermədiyindən təəssüfləndiyini vurğulamış və Azərbaycan rəhbərliyinin Xocalı faciəsinin soyqırımı kimi tanınması yönümündə həyata keçirdiyi tədbirlərin tezliklə nəticə verəcəyinə əmin olduğunu qeyd etmişdir.
Baş konsul bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycana yenidən hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görülməyə başlamışdır. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan etmişdir. İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” təşviqat kampaniyası ermənilərin bu qəddarlığının dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır. Təşviqat kampaniyası çərçivəsində dünyanın 60-a yaxın ölkəsində müxtəlif tədbirlər həyata keçirilmiş, o cümlədən ötən il fevralın 24-də Azərbaycan Respublikasının Batumidəki baş konsulluğu “Xocalıya ədalət” saytının təqdimatını keçirmişdir. Diplomat sonda günahsız Xocalı qurbanlarının qanının yerdə qalmayacağına, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində torpaqlarımızın erməni işğalından azad olunacağına əmin olduğunu demişdir.
Xocalı soyqırımının anım mərasimində Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Mixail Maxaradze, Batumi şəhərinin meri Robert Çxadze, təhsil, mədəniyyət və idman naziri Georgi Abuladze, Batumidə akkreditə olunmuş diplomatik missiyaların başçıları, Azərbaycan icmasının nümayəndələri və başqaları iştirak etmişlər. Burada amerikalı rep ifaçısı Toni Blekmen və “Dəyirman” qrupunun ifasında “Xocalıya ədalət” musiqi klipi, “Xocalı faciəsi bizim ürəklərimizdə vurur” və “Dua” sənədli filmləri nümayiş etdirilmiş, Xocalı soyqırımından bəhs edən kitab və foto sərgiləri təşkil olunmuşdur. İştirakçıları Xocalı əhalisinin dünya xalqlarına, BMT-yə, Avropa Şurasına, Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatına müraciətinin, əslən Xocalıdan olan Zərifə Quliyevanın Fransa Prezidentinə məktubunun mətnləri və digər sənədlər paylanılmışdır.
Acarıstan Ali Sovetinin sədri Mixail Maxaradze bizimlə söhbətində demişdir: “Oxşar taleli Gürcüstan və Azərbaycanda ötən əsrin sonlarında başlanmış milli azadlıq hərəkatı imperiyanın güclü təzyiqinə tab gətirmiş, ölkələrimizin müstəqilliyinin bərpası ilə nəticələnmişdir. Bu hərəkatda günahsız qanlar tökülsə də xalq öz istəyinə çatmışdır. Xocalı faciəsinin ildönümünə gəlincə, onu deyə bilərəm ki, bu sovet imperiyasının dəstəyi ilə törədilmiş faciə və soyqırımıdır”.
Acarıstandakı Gürcüstan-Azərbaycan Mədəniyyət-Maarif Mərkəzinin baş katibi Leyla Cqarkava demişdir: “Biz günahsız Xocalı sakinlərinin başına gətirilmiş müsibətləri, separatizmi, terrorçuluğu, dünyada baş verən hərbi əməliyyatları pisləyirik. Xocalı faciəsi şəhidlərinin xatirəsi önündə baş əyir, Azərbaycan xalqına başsağlığı veririk. Bu faciə hamını kədərləndirir”.
Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin baş müəllimi Rostom Quntaşvili: “Beynəlxalq hüquq normaları üzrə mütəxəssisəm. Təəssüf ki, beynəlxalq hüquq normalarının subyektləri ötən əsrin sonu, XXI əsrin əvvəllərində öz fikir və rəylərindən yayındılar və ikili standart yarandı. Soyqırımı barədə konvensiyanı imzalamış ölkələr nəyə görəsə Xocalı soyqırımını tanımaq istəmirlər. Bununla onlar nəinki beynəlxalq hüquq normalarını pozur, eyni zamanda, beynəlxalq cinayət törətmişlərin cəzadan yaxa qurtarmalarına da şərait yaradırlar. Xocalı faciəsindən 20 il keçmişdir, ancaq indiyədək bu dəhşəti törədənlər cəzalandırılmamışlar. Mən ictimaiyyətin bu faciənin dünyada soyqırımı kimi tanınması tələbi ilə müraciət edəcəyinə və kimliyindən asılı olmayaraq onu törədənlərin layiqli cəzasını alacaqlarına əminəm. Bunun soyqırımından başqa adı yoxdur”.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi