SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Martın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya 2003-cü il martın 5-də Azərbaycan Respublikasının Milli Məclisinə 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələri üzrə keçirilmiş əlavə seçkilərdən sonra səsvermə sənədlərinin həmin seçki dairələrinə ezam olunmuş komissiya üzvləri tərəfindən ətraflı araşdırılmasının yekunlarını müzakirə etmişdir.
Gündəliyə çıxarılmış bu məsələlər barəsində Mərkəzi Seçki Komissiyasının üzvlərindən Mehdi Səlimzadənin, Tofiq Həsənovun və İlham Məmmədovun məlumatları dinlənilmişdir.
Geniş müzakirələrdən sonra 14 saylı Qaradağ seçki dairəsinin 3, 29, 30, 45, 48, 49 saylı seçki məntəqələrində, 69 saylı İsmayıllı seçki dairəsinin 6, 7, 20, 22, 23, 38, 40, 44, 48, 59 saylı seçki məntəqələrində və 91 saylı Xanlar-Daşkəsən seçki dairəsinin 1, 2, 3, 4, 7, 12, 15, 24, 31, 37, 38, 43, 45, 56 saylı seçki məntəqələrində səsvermənin gedişi və nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməsi faktları aşkar edildiyinə görə, komissiya “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Qanunun 2-2-ci maddəsinə əsasən, həmin seçki məntəqələrində seçkilərin nəticələrinin etibarsız sayılmasını qərara almışdır.
Mərkəzi Seçki Komissiyası “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndini rəhbər tutaraq, səsvermənin nəticələri barədə dairə seçki komissiyalarının protokollarını və onlara əlavə edilən sənədləri, eləcə də yuxarıda göstərilən hər üç seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasına dair öz qərarlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
İclasda Avropa Şurası baş katibinin Azərbaycan nümayəndəliyinin, ABŞ səfirliyinin, Beynəlxalq Respublikaçılar İnstitutunun əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.