RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV VƏTƏNƏ QAYITMIŞDIR
Türkiyə Prezidentinin iqamətgahında - Çankaya köşkündə Heydər Əliyev ilə Süleyman Dəmirəl arasında təkbətək görüş keçirilmişdir. Sonra prezidentlərin iştirakı ilə ikitərəfli danışıqlar başlanmışdır. Danışıqlarda Azərbaycan Respublikası tərəfindən Baş nazirin birinci müavini Fuad Quliyev, dövlət müşaviri Vəfa Quluzadə, xarici işlər naziri Həsən Həsənov, Türkiyə tərəfindən Baş nazir Tansu Çillər, Baş nazirin birinci müavini Murad Karayalçın, xarici işlər naziri Hikmət Çətin və digər rəsmi şəxslər olmuşdur.
Danışıqlarda Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmiş, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsinə toxunulmuş, bu istiqamətdə ATƏM-in son vaxtlar göstərdiyi fəaliyyət barəsində fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev Ankaradan Bakıya yola düşərkən Esenboğa hava limanında Türkiyə, Azərbaycan və xarici ölkə jurnalistləri üçün qısa mətbuat konfransı keçirmişdir.
Azərbaycan dövlətinin başçısını və onu müşayiət edən şəxsləri Türkiyənin xarici işlər naziri Hikmət Çətin və digər rəsmi şəxslər yol salmışlar.
Mayın 5-də axşam Azərbaycan Prezidenti Heydər Əliyev Bakıya qayıtmışdır. Binə hava limanında onu respublika Ali Sovetinin sədri Rəsul Quliyev və digər rəsmi şəxslər qarşılamışlar.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri